XeberPlus

Ən son xəbərlər

Psixologiya

Səhvimizi niyə gözümüzdə böyüdürük? – psixoloqdan AÇIQLAMA

Başqasının səhvini görəndə çox vaxt ona haqq qazandırır, “insandır, səhv edə bilər” deyirik. Amma eyni səhvi özümüz etdikdə vəziyyət tamamilə dəyişir. Bir yanlış söz, uğursuz qərar və ya kiçik bir diqqətsizlik günlərlə, hətta aylarla beynimizdə qala, özümüzü dəfələrlə həmin anın içində hiss etdirə bilər. Sanki başqalarına göstərdiyimiz anlayışı özümüzə göstərməkdə çətinlik çəkirik. İnsan bəzən öz səhvini o qədər böyüdür ki, həmin yanlışlıq onun gözündə bütün uğurlarını kölgədə qoyur. Bu yanaşma isə zamanla özünə inamın azalmasına, daim özünü günahlandırmağa və həyatın müxtəlif sahələrində çətinliklər yaşamağa səbəb ola bilər. 

Bəs nə üçün insan öz səhvini başqalarının səhvindən daha böyük görür ?

Mövzu ilə bağlı psixoloq Gülnar Orucova XeberPlus.com-a açıqlamasında avtoritar ailələrin uşaqlara təsirindən danışıb:

“Ümumiyyətlə, müxtəlif ailə modelləri var. Hədsiz qoruyucu ailə, avtoritar və güvənverici dəstəkləyici, liberal ailə modeli. Bu ailə modelləri də müxtəlif cür uşaqlar yetişdirir. Bəzən ona görə deyirlər ki, hər uşaq öz ailəsinin güzgüsüdür. Məsələn, avtoritar modelli ailələr uşaqlarını səhv etməyə qoymurlar. “Sən hər şeyi düz eləməlisən”, deyib üzərlərinə hədsiz məsuliyyət yükləyirlər, söz haqqı vermirlər. Uşağı onlar idarə edir. Həmin uşaqlar böyüyəndə onlarda perfeksionizm ortaya çıxır. Yəni “mən qüsurlu”, “mən hər şeyi düzgün etməliyəm”, “mənim heç bir səhvim olmamalıdır” və s. düşüncəsi ortaya çıxır. Bu insanların xırda səhvi olduqda onu gözlərində o qədər böyüdürlər ki, bəzən bu depressiyaya, hətta intihara belə səbəb ola bilir”.

Ekspert qeyd edib ki, valideynin uşağın əvəzinə davamlı qərarlar verməsi onun müstəqil seçim etmək və səhvlərindən öyrənmək imkanını məhdudlaşdıra bilər:

“Uşağını səhv etməyə qoymayan valideynlər bəzən övladın əvəzindən seçimlər edir. Hətta, geyim alarəkən belə özləri seçim edirlər:“Ağ seçmə, üstünə ləkə düşdükdə getməyəcək” və s. Sanki uşaqın istəklərinin önündə bir sədd çəkir. Böyüyəndə isə uşaq valideyn olmasa da, özünə sərhədlər qoymağa başlayır”.

Mütəxəssis ailədə formalaşan münasibətin insanın sonrakı həyatına təsirindən danışıb:

“Əgər ailə uşaqa söz haqqı vermirsə, özgüvənli böyütmürsə, dəstək olmursa, səhv etməyə qoymursa, zamanla insan öz səhvini böyütməyə başlayır, bu isə yaxşı olmayan vəziyyətdir. Depressiya, intihara, işdə uğurunun daha az olmasına gətirib çıxara bilir. Bu səbəbdən də bəzi insanlar öz səhvlərini gözlərində böyüdürlər. Bu isə zamanla həyatlarında problemlərə, bir sıra xəstəliklərə, depressiyaya yol aça bilər”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *