Regionlərdə iş yerlərinin azlığı və məşğulluq imkanlarının məhdudluğu bu gün ölkənin iqtisadi inkişafı baxımından diqqət yetirilməli məsələlərdən biridir. Xüsusilə gənclərin təhsil aldıqdan sonra iş tapmaq məqsədilə paytaxta üz tutması bölgələrdə əmək bazarının zəifləməsinə, eyni zamanda əhalinin eyni şəhərdə cəmləşməsinə səbəb olur. Halbuki regionların hər biri özünəməxsus iqtisadi potensiala, təbii resurslara və inkişaf etdirilə biləcək müxtəlif sahibkarlıq sahələrinə malikdir. Lakin bu imkanların mövcudluğu hələ özlüyündə yeni iş yerlərinin yaranması demək deyil. Bunun üçün bölgələrdə biznes mühitinin yaxşılaşdırılması, yerli sahibkarlara dəstəyin artırılması, istehsal müəssisələrinin yaradılması və investisiyaların regionlara yönəldilməsi vacibdir. Eyni zamanda, əmək bazarının tələblərinə uyğun yeni məşğulluq sahələrinin yaradılması və insanların öz yaşadıqları ərazidə işləmək imkanlarının genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Regionlarda iqtisadi fəallığın artırılması yalnız işsizliyin azalmasına deyil, həm də yerli əhalinin gəlirlərinin yüksəlməsinə və bölgələrin sosial-iqtisadi inkişafına şərait yarada bilər.
Bəs regionlarda iş yerlərinin artırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli XeberPlus.com-a açıqlamasında bildirib ki, regionlarda məşğulluğun artırılması üçün iqtisadi imkanlar genişləndirilməli, yerli potensialdan səmərəli istifadə olunmalı və əhalinin yaşadığı ərazidə işləməsinə şərait yaradılmalıdır:

“Regionlərda iş yerlərinin artırılması üçün qeyri-dövlət sahibkarlığı və qeyri-neft sektoru inkişaf etdirilməlidir. İxrac yönümlü biznes sahələri genişləndirilməlidir ki, sahibkarlar regionlarda biznes, iş və istehsal müəssisələri, yaxud xidmət sahələri yaratsınlar”.
Mütəxəssis qeyd edib ki, bölgələrdə iqtisadi canlanmanın təmin olunması üçün turizm marşrutları genişləndirilməli, kənd təsərrüfatında istehsal imkanları artırılmalı və yerli resursların iqtisadi dəyərə çevrilməsi istiqamətində işlər görülməlidir:
“Turizm inkişaf etdirilməlidir ki, regionlardakı turizm obyektlərinə axın artsın. Turizm özü də qeyri-neft sektorunun bir komponentidir. Kənd təsərrüfatı inkişaf etdirilməlidir. Bütün bunların həyata keçirilməsində əsas istiqamət özəl sektorun və özəl sahibkarlığın inkişafıdır. Həmçinin iqtisadiyyatın qeyri-neft sektoru da inkişaf etdirilməlidir”.








