İnsan hər zaman müsbət düşünə bilmir. Olub keçən hər şeyi xatırlayır və mənfi düşünür. Bəzən illər keçir, amma bir cümlə, bir baxış, bir hadisə yaddaşımızdan silinmir. Ən xoş günlər belə zamanla unudulduğu halda, bizi incidən xatirələr sanki beynimizdə daha dərin iz buraxır.
Bəs beynimizin mənfi hadisələri uzun müddət xatırlamasının səbəbi nədir?
Mövzu ilə bağlı psixoloq Aydan Məmmədova “XəbərPlus.az”-a açıqlamasında bildirib ki, beynimizdə baş verən mənfi proseslərin əsas səbəbi alınan travmalar və inkişaf periodu ilə əlaqəlidir:
”İnsan psixologiyasının ən mühüm mexanizmlərindən biri yaddaşın işləmə prinsipidir. Həyatda tez-tez müşahidə olunan hallardan biri xoş xatirələrin zamanla solması, lakin neqativ təcrübələrin, uğursuzluqların və ya travmatik hadisələrin uzun müddət unudulmamasıdır. Elmi araşdırmalar göstərir ki, bu hal təsadüfi deyil və insan beyninin qoruyucu funksiyaları ilə birbaşa əlaqəlidir. Məsələ burasındadır ki, beynimiz bizə əzab vermək üçün yox, əksinə, qorumaq üçün bu cür qurulub. Əslində, bunun arxasında neqativlik və təkamül mexanizmi dayanır”.
Onun sözlərinə görə, risklər beyində neqativ düşünməkdə rol oynayır:
”Qədim dövrlərdən etibarən insan psixologiyası əsasən sağ qalmağa köklənmişdir. Təhlükələri, səhvləri və riskli vəziyyətləri unutmamaq fərdin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyırdı. Yaxşı hadisələrin unudulması birbaşa təhlükə yaratmasa da, təhlükələrin unudulması ciddi nəticələrə səbəb ola bilərdi. Buna görə də beyin potensial riskləri daha dərindən qeydə alır. Təsir zamanı yaranan güclü emosiyalar xatirənin yaddaşda qalma dərəcəsinə birbaşa səbəb olur. Beynin emosional mərkəzi olan amigdala bölgəsi isə qorxu və ya stress yaranan vəziyyətlərdə aktivləşir”.
Həmsöhbətimiz vurğulayıb ki, bu cür xatirələr insanın düşüncəsinə təsir edir və onu növbəti təhlükələrdən qorumaq üçün aktivləşir:
”Stress zamanı ifraz olunan xüsusi hormonlar uzunmüddətli yaddaş mərkəzinə siqnal ötürərək həmin anın daha qalıcı olmasını təmin edir. Bu proses neqativ məlumatın beyində möhkəm iz buraxmasına şərait yaradır. Beynin əsas vəzifələrindən biri də gələcəyi proqnozlaşdırmaq və eyni səhvlərin təkrarlanmasının qarşısını almaqdır. Keçmişdə baş verən neqativ hallar beyin tərəfindən gələcək üçün bir növ xəbərdarlıq mexanizmi kimi dəyərləndirilir. Bu xatirələr fərdin oxşar şəraitdə daha ehtiyatlı və məlumatlı qərarlar qəbul etməsinə kömək edir”.
Mütəxəssis vurğulayıb ki, uzun müddət belə halın baş verməsi əhval-ruhiyyənin dəyişməsinə səbəb olur:
“Bu mexanizm müasir həyat şəraitində bəzən əlavə psixoloji gərginliyə səbəb ola bilər”.
Arzu İbrahimova








