Çinin “BYD” şirkətinə məxsus “Yangwang U9 Xtreme” elektrik avtomobili yüksək sürət sınağı zamanı qəzaya uğrayıb. Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil qoruyucu sədlərə çırpılaraq yararsız vəziyyətə düşüb.
XeberPlus.com xəbər verir ki, hadisə Çində yerləşən qapalı sınaq meydançasında baş verib.
Məlumata görə, güclü zərbəyə baxmayaraq, avtomobilin əsas gövdəsi bütövlüyünü qoruyub. Bunun sayəsində sürücü ağır qəzadan xəsarət almadan xilas olub.
Qeyd edək ki, “Yangwang U9 Xtreme” daha əvvəl saatda 496 kilometr sürətə çataraq seriya istehsalı avtomobillər arasında rekord göstəriciyə nail olmuşdu. Model bu nəticə ilə saatda 490,48 kilometr sürət qeydə alan “Bugatti Chiron Super Sport 300+” avtomobilini geridə qoyub.
Tamamilə elektrik enerjisi ilə işləyən avtomobil dörd mühərriklə təchiz olunub. Hər mühərrik 744 at gücü hasil edir və sistemin ümumi gücü təxminən 2978 at gücünə çatır.
Təxminən 3 milyon dollar dəyərində olduğu bildirilən avtomobilin noyabr ayında Dubayda saatda 500 kilometr sürət həddini aşmaq üçün yeni sınaqda iştirak etməsi planlaşdırılırdı.








