Apple uzun müddətdir gözlənilən ilk qatlanan smartfonu iPhone Duo modelini təqdim edib. Şirkətin yeni cihazı ABŞ-da 1 999 dollar qiymətlə satışa çıxarılacaq.
XeberPlus.com xəbər verir ki, təqdimat tədbirində qatlanan modeldən əlavə iPhone 18 Pro seriyası, yeni Apple Watch, Apple Watch Ultra və AirPods 5 modelləri də nümayiş etdirilib.
iPhone Duo-nun əsas xüsusiyyəti qat izi görünməyən ekran texnologiyası, yüksək görüntü keyfiyyəti və güclü texniki göstəriciləridir. Cihaz açıldıqda daha böyük ekran təcrübəsi təqdim edir.
Apple-ın yeni modeli bazarda əsas rəqibi olan Samsung Galaxy Z Fold 8 ilə müqayisə olunur. Samsung-un qatlanan telefonu 1 899 dollar qiymətlə təqdim edilmişdi.
Lakin Apple-ın təqdimatından sonra Samsung maraqlı addım atıb. Cənubi Koreya şirkəti sosial şəbəkələrdə paylaşdığı mesajlarla rəqibinə eyham vuraraq, qatlanan telefon texnologiyasında daha əvvəl addım atdığını xatırladıb.
Qatlanan telefon bazarında iki texnologiya nəhəngi arasında rəqabətin daha da güclənəcəyi gözlənilir.







