Gənclərin təkliyə marağı artır: Müstəqil həyat, yoxsa sosial təcrid?-Psixoloqla MÜSAHİBƏ
Son zamanlar gənclərin tək yaşamaq istəyinin artması məsələsi gündəmə gəlib. Bəzən ehtiyac, bəzən isə şəxsi sərhədlərin qorunması üçün yalnızlığın seçilməsi ilk vaxtlar problem kimi görünməsə də, zamanla psixoloji duruma səbəb olur. Xüsusən yeniyetməlik dövründə tək qalmaq və həyatın yükünü çəkməyə çalışmaq bir müddət sonra özünü depressiv vəziyyətlə biruzə verir.
Mövzuyla bağlı Ailə və Uşaq psixoloqu Aynur İsmayılova XeberPlus.com-a müsahibə verib:

–Aynur xanım, gənclər niyə getdikcə tək yaşamağa üstünlük verir? Bunun kökündə hansı psixoloji məsələlər dayanır?
-Gənclər çox vaxt şəxsi sərhədlərini qorumaq üçün tək yaşamağı üstün tuturlar. Əslində sosiallığa daha az yer vermək, telefonlarda, sosial şəbəkələrdə, planşetlərdə və kompüterlərdə daha çox vaxt keçirmək tənhalığa sövq edir. İnternetin və texniki vasitələrin daha əlçatan olması nəticəsində telefon, kompüter və planşetlə baş-başa qalırıq. Bu isə bizi elə bir vəziyyətə gətirib çıxarır ki, artıq özümüz də tək qalmaq istəyirik. Tək yaşamaq müəyyən mənada rahatlıq və şəxsi sərhədlərin qorunması demək olsa da, tənhalaşma prosesi zamanla insanı asosial vəziyyətə və ya depressiyaya sala bilər.
–Sizcə, tək yaşamaq gənclərin sosial münasibətlərinə və emosional vəziyyətinə necə təsir edir?
-Bu seçim çox vaxt müstəqillik və azadlıq istəyindən irəli gəlir. İnsan elə bir varlıqdır ki, kollektiv şəkildə yaşamağa alışıb. Bu xüsusiyyət qədimdən insanın genetik yaddaşında formalaşıb. İnsan tək yaşaya bilmir, çünki sosial varlıqdır. Məsələn, insan müəyyən müddət başqalarından uzaq qala, səyahətə gedə və ya təbiətlə baş-başa qala bilər. Lakin bu vəziyyət uzun müddət davam etdikdə müxtəlif emosional dəyişikliklər baş verir. Bunlar isə müsbət olmayan dəyişikliklərdir. Nəticədə insanın psixoloji vəziyyəti pisləşə, bəzi insanlar isə xarakterlərinə görə depressiyaya düşə bilərlər.
–Bu seçim daha çox müstəqillik ehtiyacından irəli gəlir, yoxsa insanlarla yaşamaqdan yaranan sosial yorğunluqdan?
-İnsan nə qədər müstəqil və tək yaşamağa ehtiyac duysa da, şəxsi sərhədlərini qorumaqla yanaşı, digər insanlarla da ünsiyyətdə olmalı, əlaqələrini və sosiallığını saxlamalıdır. Əks halda, sosial varlıq olan insan uzun müddət tənha yaşadıqda onda müxtəlif psixoloji problemlər yarana və ən əsası, bu vəziyyət durğunluğa gətirib çıxara bilər.







