XeberPlus

Ən son xəbərlər

Psixologiya

“Ekranda görünən həyatın arxasında görünməyən zəhmət var” – Psixoloqdan AÇIQLAMA

Sosial şəbəkələrdə hər gün qarşımıza çıxan parlaq həyat görüntüləri artıq sadəcə əyləncə vasitəsi deyil, insanların öz həyatına münasibətinə də təsir edən bir reallığa çevrilib. Bahalı restoranlar, ideal bədənlər, dəbdəbəli evlər, uğurlu karyera, xoşbəxt münasibətlər və daim gülümsəyən insanlar ekranda həyatın sanki həmişə problemsiz və mükəmməl keçdiyi təəssüratını yaradır. Halbuki həmin görüntülərin arxasında görünməyən yorğunluq, uğursuzluqlar, maddi çətinliklər, münasibət problemləri və gündəlik həyatın adi qayğıları da ola bilər. Lakin sosial şəbəkə istifadəçisi çox vaxt başqasının həyatının yalnız nümayiş etdirilən tərəfi ilə öz həyatının bütün reallığını müqayisə edir. Bu müqayisə zamanla insanda daha çox uğur qazanmaq, daha gözəl görünmək, daha çox qazanmaq, daha maraqlı həyat yaşamaq və hətta xoşbəxtliyi belə müəyyən bir standartla ölçmək ehtiyacı yarada bilər. Nəticədə insanın öz həyatından gözləntisi yüksəlir, adi və normal hesab edilə biləcək həyat isə ona kifayət qədər yaxşı görünməməyə başlayır. Sosial şəbəkələrdə formalaşan “ideal həyat” təsəvvürü beləliklə fərdi seçimlərdən tutmuş ailə, karyera, görünüş və sosial statusla bağlı gözləntilərə qədər geniş təsir göstərə bilir.

Bəs sosial şəbəkələrdə yayımlanan “ideal həyat” görüntüsü cəmiyyətə necə təsir edir?

Mövzu ilə bağlı Ailə və Uşaq psixoloqu Aynur İsmayılova XeberPlus.com – açıqlamasında bildirib ki, inflenserlərin həyatına maraq edən yeniyetmələrdə zəhmətdən qaçmaq meyli güclənir:

“Əslində sosial şəbəkəyə meyilli olduğumuz üçün bəzən orada izlədiyimiz hər şey bizə doğru gəlir və ona inanırıq. Halbuki sosial şəbəkədə yayımlanan hər bir nüansın gizli tərəfləri də var. Gənclər bloqerlərin həyatına meyil edirlər. Fikirləşirlər ki, bloqerlər kimi olsalar, daha çox diqqət cəlb edərlər. Həmçinin onların hər şeyi çox asan yolla əldə etdiklərini düşünürlər. Ona görə də bəzi insanlar daha çox zəhmət tələb edən proseslərdən uzaqlaşaraq, özlərini sosial şəbəkələrdən aldıqları geribildirimlər əsasında formalaşdırmağa çalışırlar”.

Mütəxəssisin fikrincə, bloqerlərin nümayiş etdirdikləri həyatın görünməyən tərəfləri də gənclərə aşınmalıdır:

“Hər bir görünən tərəfin görünməyən tərəfləri də var. Yəni, ekranda gördüyümüz görüntülərin arxa planı da mövcuddur və onun necə ərsəyə gəldiyini bilmirik. Nəzərə almaq lazımdır ki, sadəcə görüntüyə şahid olaraq nəticəni əsaslandırmaq olmaz. Həmin prosesə də baxmaq lazımdır. Yeniyetmələrə sosial şəbəkələrdən çox zəhmətə yönələn davranışlara sövq etməklə yanaşı, görünməyən tərəfləri də göstərmək lazımdır”.

Ekspertin sözlərinə görə, gənclər sosial şəbəkələrdə gördüklərinin yalnız görünən tərəfinə deyil, reallığına da diqqət yetirməlidirlər:

“Yeniyetmələr və gənclər çata bilmədikləri bəzi imkanlara bloqerlərin daha asan və daha tez çatdığını gördükdə, bu, onlarda depressiya və ümidsizlik yarada bilər. Bunun qarşısını almaq üçün mütləq şəkildə görünməyən tərəfləri də göstərmək, hər bir uğurun arxasında zəhmət və səyin dayandığını onlara anlatmaq lazımdır”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *