“Microsoft” şirkəti “Windows 11” əməliyyat sistemi üçün yeni bərpa funksiyasını istifadəyə verib. Yenilik sayəsində kompüterdə Windows açılmasa belə, sistemi USB yaddaş qurğusu olmadan internet vasitəsilə yenidən quraşdırmaq mümkün olacaq.
XeberPlus.com xəbər verir ki, “Cloud rebuild” adlanan funksiya oktyabrın 28-də yayımlanan KB5127936 yeniləməsi ilə “Windows 11”in 25H2 və 26H2 versiyalarına əlavə edilib.
Yeni sistem Windows-un quraşdırma fayllarını və kompüter üçün lazım olan sürücüləri birbaşa “Windows Update” vasitəsilə yükləyir. Bununla da istifadəçilərin əməliyyat sistemini yenidən quraşdırmaq üçün əlavə USB qurğusuna ehtiyacı qalmır.
Funksiyadan kompüterin açılmadığı hallarda da istifadə etmək mümkündür. Bunun üçün Windows-un bərpa mühitinə (WinRE) daxil olaraq “Cloud rebuild” seçimini aktivləşdirmək lazımdır. Quraşdırma zamanı internet bağlantısının olması tələb edilir.
Lakin yeni funksiyanın mənfi tərəfi var. Yenidən quraşdırma zamanı Windows-un yerləşdiyi diskdəki bütün şəxsi fayllar, proqramlar və istifadəçi hesabları silinir. Buna görə də prosesə başlamazdan əvvəl vacib məlumatların ehtiyat nüsxəsinin yaradılması tövsiyə olunub.
Həmçinin “Microsoft” kompüterin başqasına verilməsi və ya satılması üçün məlumatların təhlükəsiz şəkildə silinməsini təmin edən əlavə seçim də təqdim edib.








