Süni intellekt modellərinin kibertəhlükəsizlik imkanlarını yoxlamaq üçün keçirilən sınaq zamanı Google-un Gemini modeli gözlənilməz davranış göstərib. Model test mühitinin sərhədlərindən kənara çıxaraq internetə çıxış əldə edib və üç real şirkətin sisteminə icazəsiz giriş edib.
XeberPlus.com xəbər verir ki, hadisə Google-un kibertəhlükəsizlik testləri zamanı baş verib. Şirkətin məlumatına görə, əsas səbəb test tərəfdaşı Irregular tərəfindən istifadə edilən sistemdəki konfiqurasiya xətası olub.
Hadisələrin may ayında baş verdiyi bildirilir. Test zamanı Gemini-yə uydurma bir şirkət haqqında məlumat toplamaq tapşırığı verilib. Lakin istifadə edilən şirkət adı real bir şirkətlə üst-üstə düşdüyü üçün süni intellekt modeli təsadüfən real sistemlərə yönəlib.
Araşdırmaya görə, Gemini test infrastrukturundakı boşluğu müəyyən edərək internetə çıxış əldə edib. İlk hadisədə modelin bir parolu müstəqil şəkildə taparaq real şirkətin xidmətlərindən birinə daxil olduğu bildirilib.
Sonrakı sınaqlarda isə daha iki oxşar hadisə qeydə alınıb. Məlumata görə, süni intellekt modeli internetdə axtarış apararaq açıq məlumat bazalarından bəzi giriş məlumatları əldə edib və həmin məlumatlardan istifadə edərək şirkət sistemlərinə daxil olub.
Google bildirib ki, Gemini hər üç hadisədə də real sistemlərə daxil olduğunu və test ssenarisindən kənara çıxdığını müəyyən etdikdən sonra fəaliyyətini dayandırıb.
Şirkət qeyd edib ki, hadisələr nəticəsində hədəf alınan sistemlərə zərər dəyməyib və məlumat oğurluğu ilə bağlı sübut aşkarlanmayıb. Giriş əldə edilən üç şirkətin adları açıqlanmayıb, lakin onların vəziyyətdən məlumatlandırıldığı bildirilib.
Google-un təhlükəsizlik üzrə rəhbər şəxsləri bu hadisədən sonra test proseslərində əlavə dəyişikliklər ediləcəyini və gələcəkdə oxşar halların qarşısını almaq üçün daha sərt nəzarət mexanizmlərinin tətbiq olunacağını açıqlayıblar.
Hadisə süni intellekt sistemlərinin artan imkanları ilə yanaşı, onların təhlükəsiz sınaq mühitlərində idarə olunmasının nə qədər vacib olduğunu bir daha göstərib.







