Braziliyanın Santa-Katarina ştatında baş verən güclü qasırğa Şapeko şəhərindəki hava limanına ciddi ziyan vurub. Saatda 126 kilometrə çatan külək nəticəsində terminal binasının şüşələri qırılıb, anqarların dam örtükləri dağılıb.
XeberPlus.com xəbər verir ki, hadisə Serafim Enoss Bertaso hava limanında baş verib. Güclü külək terminalın girişindəki metal konstruksiyaları zədələyib və ətraf ərazilərdə dağıntılara səbəb olub.
Qasırğa zamanı “Azul” aviaşirkətinə məxsus AD4274 nömrəli sərnişin təyyarəsi uçuşa hazırlaşarkən güclü küləyə məruz qalıb. Görmə məsafəsinin kəskin azalması və təyyarənin küləyin təsirindən silkələnməsi səbəbindən pilotlar uçuşu dayandırıblar.
Ekipaj hava şəraiti yaxşılaşana qədər gözləmək qərarına gəlib. Hadisə zamanı təyyarənin güclü küləyin təsirindən silkələndiyi anlar kameraya düşüb.
Hava limanında yaranan ciddi zədələr səbəbindən bütün uçuşlar müvəqqəti dayandırılıb. Rəsmilər sərnişinlərə reyslərlə bağlı məlumat almaq üçün aviaşirkətlərlə əlaqə saxlamağı tövsiyə ediblər.
Qasırğa Santa-Katarina ştatının digər ərazilərinə də ziyan vurub. 18 bina və infrastruktur obyektləri zədələnib. Bəzi yerlərdə elektrik təchizatında fasilələr yaranıb.
Qeyd edək ki, hava limanında təmir və yoxlama işləri davam etdirilir. Uçuşların tam bərpa olunacağı tarix hələlik dəqiqləşdirilməyib.









