Uşaqlar niyə böyüklərin yanında özlərini sərbəst ifadə edə bilmirlər? – Psixoloqdan AÇIQLAMA
Uşaq bəzən demək istədiyi sözü içinə atır, haqsızlıqla qarşılaşanda susur, fikrini bildirmək əvəzinə böyüklərin dediklərini təsdiqləməklə kifayətlənir. Kənardan sakitlik və tərbiyə əlaməti kimi görünən bu davranışın arxasında isə səhv etmək qorxusu, danlanmaq narahatlığı və fikirlərinin ciddiyə alınmayacağı düşüncəsi dayana bilər. Uşağın böyüklərlə ünsiyyətdə özünü nə dərəcədə sərbəst ifadə etməsi onun ailədə gördüyü münasibətdən və fikirlərinə verilən dəyərdən birbaşa asılıdır.
Bəs uşaqların böyüklər qarşısında öz fikirlərini deməkdən çəkinməsi nədən qaynaqlanır?
Mövzu ilə bağlı psixoloq Gülnar Orucova XeberPlus.com-a açıqlamasında bildirib ki, müxtəlif ailə modellərində böyüyən uşaqların davranışları da həmin modellərin xüsusiyyətlərinə uyğun formalaşır:

“Müxtəlif ailə modelləri var. Bunlara həddindən artıq qoruyucu, güvənverici və dəstəkləyici, liberal, eləcə də avtoritar ailə modelləri daxildir. Bu ailə tiplərində fərqli xüsusiyyətlərə malik uşaqlar yetişir”.
Mütəxəssis müxtəlif ailə modellərində böyüyən uşaqların psixoloji xüsusiyyətlərinidə açıqlayıb:
“Liberal ailə modelində uşaq sanki daha ön planda olur. Uşaq istədiklərini edir, valideynlər də onun istəkləri ilə razılaşırlar.
Dəstəkləyici və güvənverici ailə modelində uşaq öz fikrini sərbəst şəkildə ifadə edə, sözünü deyə bilir. Həddindən artıq qoruyucu ailə modelində isə valideynlər uşağı o qədər qoruyurlar ki, zamanla onda narahatlıq yaranır. Belə uşaqlar ailə daxilində öz fikirlərini ifadə edə bilsələr də, ailədən kənar mühitdə bunu etməkdə çətinlik çəkirlər”.
Həmsöhbətimiz vurğulayıb ki, fikirlərini bölüşməkdə çətinlik çəkən uşaqlarda müxtəlif psixoloji səbəblər ola bilər:
“Uşaq böyüklərin qarşısında fikrini deməyə çəkinirsə və narahatlıq yaşayırsa, bu, özünəinam çatışmazlığından, yaşadığı hər hansı travmadan və ya valideynlərinin ona seçim etmək imkanı verməməsindən qaynaqlana bilər. Eyni zamanda, uşağın daxilində qorxu, narahatlıq, gərginlik və stressin olması da onun öz fikrini ifadə etməsinə mane ola bilər”.








