“Başqasının problemini həll etmək, öz problemləri ilə üzləşməkdən daha asan gəlir” – Psixoloqdan AÇIQLAMA
Bəzən elə insanlar olur ki, ətrafındakı hər kəsin problemini dinləməyə, onlara dəstək olmağa və çətinliklərini həll etməyə çalışırlar. Başqalarının yaşadığı sıxıntılara biganə qalmır, hər kəsin köməyinə çatmaq üçün öz vaxtlarından və enerjilərindən belə keçirlər. Lakin maraqlı məqam ondadır ki, həmin insanlar öz həyatlarında problemlə qarşılaşdıqda eyni həssaslığı özlərinə göstərmirlər. Başqalarına məsləhət verməkdə, onların çətinliklərinə çıxış yolu tapmaqda çətinlik çəkməsələr də, öz problemləri ilə üzləşməkdən yayınır, bəzən yaşadıqları hissləri belə görməzdən gəlirlər.
Bu davranış ilk baxışdan sadəcə xeyirxahlıq və qayğıkeşlik kimi görünsə də, arxasında daha mürəkkəb psixoloji səbəblər dayana bilər. Bəzi insanlar başqalarına kömək etməklə özlərini daha faydalı və dəyərli hiss edir, bəziləri isə başqalarının problemləri ilə məşğul olaraq öz daxilində yaşadıqları narahatlıqlardan uzaqlaşmağa çalışırlar. Belə olduqda insan ətrafındakı hər kəsə dayaq olsa da, öz ehtiyaclarını, hisslərini və həllini gözləyən problemlərini arxa plana keçirir.
Bəs niyə bəzi insanlar başqalarının problemlərini həll etməyə çalışarkən öz problemləri ilə üzləşməkdən qaçırlar?
Mövzu ilə bağlı psixoloq Dilruba Həsənova XeberPlus.com-a açıqlamasında bildirib ki,insan başqalarının həyatına fokuslanmaqla bəzən öz daxilində həll edə bilmədiyi problemləri görməzdən gəlir:

“Psixologiyada bu davranışın arxasında müxtəlif emosional səbəblər dayanır. İnsan bəzən başqalarının problemləri ilə məşğul olmaqla öz daxili ağrılarından, boşluğundan və həll olunmamış yaşantılarından uzaqlaşmağa çalışır. Çünki başqasının problemini həll etmək, öz problemləri ilə üzləşməkdən daha asan gəlir. Bu, bir növ psixoloji müdafiə mexanizmidir”.
Ekspert vurğulayıb ki, bəzi insanlar başqalarına verdikləri dəyəri və sevgini özlərinə göstərməkdə aciz qalırlar:
“Elə insanlar də var ki, başqalarının hisslərini çox yaxşı anlayır, amma öz hisslərini tanımaqda çətinlik çəkirlər. Hamıya “Özünü qoru”, “Sənin üçün narahatam”, “Özünü düşün” deyirlər. Bəzən isə başqalarına göstərdikləri qayğı, əslində, özlərinin ehtiyac duyduqları qayğının ifadəsidir”.
Mütəxəssisin sözlərinə görə, insan başqalarına qayğı göstərmək naminə zamanla öz emosional ehtiyaclarını laqeyd qoyur:
“Bu davranış uzun müddət davam etdikdə insan emosional olaraq tükənir, öz ehtiyaclarını unudur və münasibətlərdə daim verən, amma qarşılığında ala bilməyən tərəfə çevrilir”.








