“Səhər yeməyi günün ən vacib yeməyidir” fikrini demək olar ki, hamımız eşitmişik. Amma elmi araşdırmalar məsələnin o qədər də sadə olmadığını göstərir. Səhər yeməyinin faydası insanın ümumi qidalanmasından, gün ərzində nə yediyindən və fərdi ehtiyaclarından asılı ola bilər.
Xüsusilə çəkiyə nəzarət baxımından səhər yeməyinin mütləq vacib olduğunu söyləmək üçün kifayət qədər güclü sübut yoxdur. Tədqiqatların bir neçə meta-analizində səhər yeməyi yeyənlərlə yeməyənlər arasında çəki baxımından aydın və sabit üstünlük aşkarlanmayıb.
Hətta 2023-cü ildə aparılan sistematik icmal və meta-analizdə səhər yeməyini ötürməyin bədən çəkisini bir qədər azaltdığı, eyni zamanda “pis xolesterin” kimi tanınan LDL səviyyəsini artıra bildiyi göstərilib. Müəlliflər isə mövcud tədqiqatların sayının məhdud olduğunu və əlavə araşdırmalara ehtiyac qaldığını vurğulayıblar.
Digər tərəfdən, müşahidə xarakterli araşdırmalarda səhər yeməyini müntəzəm buraxan insanlarda artıq çəki və piylənmənin daha çox görüldüyü müəyyən edilib. Sistematik araşdırmalarda səhər yeməyini buraxan uşaqlarda ümumi qidalanma keyfiyyətinin daha aşağı ola biləcəyi göstərilib.
Bəs səhər yeməyində nə yemək daha yaxşıdır?
Şirin bulkalar, şəkərli məhsullar və yalnız çayla kifayətlənməkdənsə, zülal və lif mənbələri olan qidalar məsələn, yumurta, qatıq, yulaf, meyvə, tərəvəz və tam taxıllı məhsullar daha balanslı seçim yarada bilər.
Nəticə etibarilə, hamı üçün səhər yeməyini yemək və ya mütləq buraxmaq kimi qayda yoxdur. Əsas məsələ gün ərzində balanslı və keyfiyyətli qidalanmaqdır. Xüsusi sağlamlıq problemi, diabet və ya digər qidalanma məhdudiyyəti olan şəxslər isə qida rejimini həkim və ya dietoloqla müəyyənləşdirməlidir.







