Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Onun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin muğam mühiti böyük rol oynayıb.
Yaradıcılığının ilk qədəmləri də məhz 1956-1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili alması ilə qoyulur. 1940 – cı ildə Əlibaba Məmmədov yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayıb. 1968-ci ildə isə Filarmoniya nəzdində “Hümayun” xalq çalğı alətləri ansamblını yaradaraq 30 il ərzində kollektivə rəhbərlik edib. 1963-cü ildən başlayaraq 50 ildən çox müddətdə indiki Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərib.
Sənətkar “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” kimi muğam yaradıcılığında mühüm rol oynayıb. Ecazkar səs öz yerini həmişəlik qəlblərdə tutmağa davam edir. Sənətkarın “Sənin eşqin məni gətirdi dilə‶(Dəşti təsnif) illərdir özünəməxsus ifa tərzi və zənguləsilə dinləyicilərin yaddaşında qalıb.
Bu ifanın düşüncə və ruhda yaratdığı incəlik retro dünyamızı bir daha canlandırır. Təsadüfü deyil ki, sözləri və musiqisi Əlibaba Məmmədova aid olan “Dəşti təsnif”insanı poetik aləmə aparan əfsanəvi misraları ilə adamı özünə sehr edir. Qızıl fondda həmişəlik yer tutan xanəndənin ifaları hər zaman dillərdə əzbər, ruhda səslənən bənzərsizliyilə daim yaşayacaq.
Əlibaba Məmmədov milli musiqi sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “İstiqlal”, 2020-ci ildə isə “Şərəf” ordeni ilə təltif olunub.
Xalq artisti 25 fevral 2022-ci ildə, 93 yaşında dünyasını dəyişib.







