Məharətlli səsilə tanına Şövkət Ələkbərova 1922-ci ildə oktyabr ayının 2-sində Bakıda anadan olmuşdur. Görkəmli sənətkar Asəf Zeynallı adına musiqi məktəbində Hüseynqulu Sarabskinin sinfində təhsil almışdır. Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş Şövkət Ələkbərova muğam və vokal bacarıqlarına sahib idi.
1937-ci ildə 15 yaşı olarkən musiqi yarışmasında iştirak edən sənətçi burada üçüncü yeri tutur. Üzeyir Hacıbəyli və müğənni Bülbül kimi sənətkarlar onun yaxşı istedad nümayiş etdirdiyini düşünür və onların diqqətini cəlb etməyi bacarır. Sənətçinin musiqi fəaliyyətidə buradan başlayır. Bir çox xarici ölkələrdə çıxış edən Şövkət Ələkbərovanın səsi artıq bütün dünyada səslənirdi.
Səsindəki emosional dərinlik, aydın diksiya tərzi onun sənətini digər ifaçılardan fərqləndirən əsas xüsusiyyətlərdən olub. Azərbaycan xalq mahnılarını və müxtəlif musiqi nümunələrini də özünəməxsus tərzdə təqdim edən Şövkət Ələkbərovanın yaradıcılığında sevgi, ayrılıq, həsrət və insan duyğuları kimi mövzular xüsusi yer tutub. Bu səbəbdən ifa etdiyi bir çox mahnı uzun illər yaddaşlarda qalıb və bu gündə dinlənilir.
Şövkət Ələkbərovanın “Bahar sənsiz” ifasında səslənən hər sətir ruhla təzahür edərək bütüləşir. Sanki, mahnıda sözlərin ifadə edə bilmədiyi duyğular Şövkət Ələkbərovanın səsində öz əksini tapır. “Bahar sənsiz” onun ifasında səslənən deyil, yaşanan mahnıdır, onun hər notunda bir nisgil, hər misrasında bir xatirə var. “Səni qəlbimdə gəzdirib hər an, eşqimiz görməsin dedim hicran” sözləri qəlbdə yatan və hələdə dindirilməyi gözləyən saf sevgini ifadə edir. İllər, hətta əsrlər keçsədə hər dinlənildikdə eyni duyğunu birləşdirən mahnı çağdaş dinləyici kütləsinin daim dinləyəcəyi mahnı olaraq qalacaq.
Sözləri Ənvər Əlibəyli, musiqisi Rauf Hacıyeva aid olan bu ifa özündə dərin duyğuları birləşdirməkdə davam edir.
“Söz olmasaydı” isə həm sevgi etirafı həm də deyilməmiş sözlərin yaratdığı kövrək duyğuları bir araya gətirir. Onun səsində mahnı sanki insanın qəlbini dilə gətirə bilmədiyi hisslərin etirafına çevrilir.
Şövkət Ələkbərova yaradıcılığı sonsuz kövrək notların cəmləndiyi və etiraf edildiyi, ayrılığın sözə çevrildiyi sənət dünyasıdır. Onun lent yazıları bu gün də Azərbaycan musiqisinin dəyərli nümunələri sırasında yer alır.







