Uçan avtomobil hazırlayan Alef Aeronautics şirkəti Tesla Cybertruck-ın üzərindən uçduğu görüntüləri yayımlayıb. Şirkət bu uçuşun 1000-ci sınaq uçuşu olduğunu açıqlayıb və Tesla-nı uçan avtomobillər yarışına dəvət edib.
XeberPlus.com xəbər verir ki, ABŞ şirkəti Alef Aeronautics paylaşdığı videoda elektriklə işləyən uçan avtomobilinin Tesla Cybertruck-ın üzərindən keçdiyini nümayiş etdirib. Şirkətin rəhbəri Cim Duxovni Tesla-nın bu sahəyə maraq göstərməsini rəqabət və bazarın inkişafı baxımından müsbət qiymətləndirib.
Alef-in hazırladığı Model A həm yollarda hərəkət etmək, həm də şaquli şəkildə havaya qalxıb enmək üçün nəzərdə tutulub. Avtomobil uçuş zamanı gövdəsindən qanad kimi istifadə edir və elektrik mühərrikləri ilə hərəkət edir.
Şirkət indiyədək avtomobili üçün 3600-dən çox ilkin sifariş aldığını və sifarişlərin ümumi dəyərinin 1 milyard dollara çatdığını bildirir. Model A-nın elan edilən başlanğıc qiyməti 299 999 dollardır.
Alef ilk avtomobillərin məhdud sayda müştəriyə 2026-cı ilin sonunadək çatdırılmasını hədəfləyir. Bununla belə, uçan avtomobillərin geniş yayılması üçün təhlükəsizlik, sertifikatlaşdırma və istehsal xərcləri kimi məsələlərin həlli vacib olaraq qalır.








