XeberPlus

Ən son xəbərlər

Texnologiya

Robotlara insan kimi işləməyi öyrədənlərə saatda 48 dollar ödənilir

Dünyanın müxtəlif ölkələrində texnologiya şirkətləri insanabənzər robotlara gündəlik işləri öyrətmək üçün işçilər cəlb edirlər. Bu sahədə çalışan şəxslərin hərəkətləri xüsusi avadanlıqlarla qeydə alınaraq robotların təlimində istifadə olunur.

XeberPlus.com xəbər verir ki, Çinin “Spirit AI” şirkəti robotların öyrədilməsi məqsədilə təxminən min nəfəri işə qəbul edib. İşçilər gündəlik və sənaye tapşırıqlarını yerinə yetirərkən onların hərəkətləri kameralar və xüsusi sensorlar vasitəsilə qeydə alınır.

“Robot müəllimliyi” adlandırılan bu işdə çalışanlar əşyaları götürmək, daşımaq, yerləşdirmək və digər hərəkətləri dəfələrlə təkrarlayırlar. Bu zaman əllərin hərəkəti, əşyaların tutulma forması və tətbiq edilən qüvvə haqqında məlumatlar toplanır.

Çində dövlət dəstəyi ilə fəaliyyət göstərən robot təlim mərkəzlərində də oxşar üsullardan istifadə edilir. İşçilər paltar qatlamaq, masa silmək, qutuları daşımaq və məhsulları qablaşdırmaq kimi tapşırıqları yüzlərlə dəfə yerinə yetirirlər.

Toplanan məlumatlar süni intellekt laboratoriyalarına göndərilir. Məqsəd robotların müxtəlif ölçülü əşyalarla işləməyi və insan hərəkətlərini daha dəqiq təkrarlamağı öyrənməsidir.

ABŞ-ın “Tesla” şirkəti də “Optimus” adlı insanabənzər robotunun təlimi üçün işçilər cəlb edib. Məlumata görə, şirkət bu iş üçün bəzi əməkdaşlara saatda 48 dollar əməkhaqqı təklif edib. Təxminən 50 nəfərin xüsusi geyimlər və virtual reallıq eynəkləri vasitəsilə hərəkətləri qeydə alınıb.

Mütəxəssislərin fikrincə, bu cür məlumatların toplanması robotların gələcəkdə fabriklərdə, anbarlarda və gündəlik həyatda daha mürəkkəb tapşırıqları yerinə yetirməsinə kömək edə bilər.

Robotların inkişafı ilə birlikdə onların öyrədilməsi üçün insan əməyinə tələbatın da artacağı gözlənilir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *