“Apple” şirkətinin ev işlərini insanların əvəzinə yerinə yetirə bilən robotlar üzərində çalışdığı iddia edilir.
XeberPlus.com xəbər verir ki, şirkət gündəlik məişət işlərini asanlaşdırmaq məqsədilə bir neçə fərqli robot texnologiyasını araşdırır.
Məlumata görə, layihələr arasında paltar qatlayan robotla yanaşı, istifadəçini evin bir otağından digərinə izləyə bilən təkərli robot və qapalı məkanda uça bilən cihaz da var.
Şirkətin bazara çıxarmağa daha yaxın olduğu bildirilən layihələrdən biri isə “HomeView Ultra” və ya “HomeView Max” adlandırılan ağıllı ev cihazıdır. İddialara əsasən, qurğu hərəkətli robot qoluna birləşdirilmiş 9 düymlük ekranla təchiz ediləcək.
Yeni cihazın kamera və sensorlar vasitəsilə ətraf mühiti müəyyənləşdirərək bəzi tapşırıqları müstəqil yerinə yetirə biləcəyi gözlənilir. Məsələn, otağa kimsə daxil olduqda işıqları yandıra, istifadəçinin hərəkətinə uyğun olaraq ekranını ona tərəf çevirə bilər.
Məlumata görə, “Apple” bu cihazı 2027-ci ildə təxminən 1000 dollar qiymətinə təqdim etməyi planlaşdırır. Lakin proqram təminatının hazırlanmasında yaranan çətinliklər səbəbindən satış tarixinin 2028-ci ilə qədər təxirə salınması ehtimal edilir.
Qeyd edək ki, “Apple” əvvəllər də robot texnologiyalarından istifadə edib. Şirkətin “Liam” və “Daisy” adlı robotları köhnə “iPhone” telefonlarını hissələrə ayıraraq qiymətli materialların təkrar emalına kömək edir.









