XeberPlus

Ən son xəbərlər

Texnologiya

Google yeni süni intellektini virtual dünyalar yaradır

“Google DeepMind” şirkəti istifadəçilərə süni intellekt vasitəsilə real görüntülərə bənzəyən virtual dünyalar yaratmağa imkan verən yeni “Genie 4” modelini təqdim edib. Yeni texnologiya yazılı əmrlər əsasında virtual mühiti real vaxt rejimində dəyişdirə bilir.

XeberPlus.com xəbər verir ki, “Genie 4” istifadəçilərə yaradılmış virtual dünyada hava şəraitini, kamera bucağını dəyişməyə, yeni insanlar və əşyalar əlavə etməyə imkan yaradır. Model eyni zamanda mühitə uyğun musiqi, səslər və dialoqlar da yarada bilir.

Əvvəlki versiya ilə müqayisədə yeni model daha real görüntülər və təkmilləşdirilmiş fiziki hərəkətlər təqdim edir. “Genie 4” yaradılan səhnənin ardıcıllığını iki dəqiqəyə qədər qoruya bilir. Bu göstərici əvvəlki modeldən iki dəfə yüksəkdir.

Yeni sistem “Google”un “Gemini” süni intellekti ilə də birlikdə işləyir. “Gemini” görüləcək işləri planlaşdırır və prosesə nəzarət edir, “Genie 4” isə həmin tapşırıqları virtual mühitdə canlandırır. Bu imkan gələcəkdə robotların müxtəlif vəziyyətlərdə davranışlarının əvvəlcədən sınaqdan keçirilməsinə kömək edə bilər.

Texnologiyanın kompüter oyunları, təhsil, robototexnika və kino sənayesində istifadə olunacağı gözlənilir. Məsələn, istifadəçilər tarixi hadisələri virtual mühitdə izləyə, film yaradıcıları isə çəkilişlərdən əvvəl səhnələrin ilkin variantlarını hazırlaya bilərlər.

Bununla belə, modelin müəyyən məhdudiyyətləri qalır. Uzunmüddətli simulyasiyalarda bəzi əşyaların görünüşü dəyişə, səslərdə və yazıların göstərilməsində xətalar yarana bilər. Şirkət bu problemlərin aradan qaldırılması üzərində işləyir.

Hazırda “Genie 4” yalnız məhdud sayda sınaq istifadəçisi üçün əlçatandır. “Google” yaxın həftələrdə modeli “Project Genie” platforması vasitəsilə “Google AI Ultra” abunəçilərinə də təqdim etməyi planlaşdırır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *