ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresin hər iki palatasında üstünlük qazanması İsraildə narahatlıq yaradıb. İsrail mediası seçki nəticələrinin Vaşinqtonla Təl-Əviv arasındakı münasibətlərə, xüsusilə hərbi yardımlara və xarici siyasətə təsir göstərə biləcəyini yazıb.
XeberPlus.com xəbər verir ki, İsrailin bir sıra aparıcı media qurumları seçkilərin nəticələrini ABŞ Prezidenti Donald Tramp və İsrail üçün ciddi siyasi zərbə kimi qiymətləndiriblər.
“Maariv” qəzeti hadisəni “Tramp tək uduzan deyil” başlığı ilə işıqlandırıb. Nəşr Demokratlar Partiyasının İsrailə hərbi yardımların dayandırılmasını tələb edən və Qəzza siyasətini tənqid edən nümayəndələrinin Konqresdə mövqelərini gücləndirdiyini bildirib.
Xüsusilə Men ştatında Demokratlar Partiyasının namizədi Troy Ceksonun uzun illər İsrailin əsas tərəfdarlarından biri hesab edilən respublikaçı senator Syuzan Kollinsi məğlub etməsi diqqət çəkib. Cekson seçki kampaniyası zamanı ABŞ-ın İsrailə hərbi yardımının dayandırılmasına çağırış etmişdi.
“Yedioth Ahronoth” qəzeti Demokratların qələbəsini ABŞ-da siyasi qüvvələr nisbətini dəyişən mühüm hadisə kimi qiymətləndirib. Nəşrin məlumatına görə, Konqresdə çoxluğun dəyişməsi Donald Trampın prezidentlik müddətinin qalan iki ilində siyasi qərarların qəbulunu çətinləşdirə bilər.
“Israel Hayom” qəzeti isə yeni Konqresin İsrailə qarşı daha tənqidi mövqe tuta biləcəyini yazıb. Nəşr xüsusilə silah satışları, İrana qarşı siyasət və regional razılaşmalarla bağlı Vaşinqtonla Təl-Əviv arasında fikir ayrılıqlarının arta biləcəyini qeyd edib.
İsrailin “Kanal 14” televiziyası da seçki nəticələrinin Tramp administrasiyasının xarici siyasət təşəbbüslərinə təsir göstərə biləcəyini bildirib. Telekanalın qiymətləndirməsinə görə, Demokratların Konqresdə nəzarəti ələ keçirməsi İsrailə hərbi yardım və silah tədarükü məsələlərində əlavə yoxlamalara səbəb ola bilər.








