Fransada qan və plazma məhsullarının saxlanıldığı üç müəssisənin soyutma sistemləri kiberhücumun hədəfinə çevrilib. Hakerlər bəzi soyuducuların temperatur göstəricilərini mənfi 30 dərəcədən müsbət 110 dərəcəyə yüksəltməyə çalışıblar.
XeberPlus.com xəbər verir ki, hadisə Fransa Qan Xidmətinin (RQX) üç ayrı saxlama müəssisəsində baş verib.
Məlumata görə, hücum soyutma avadanlıqlarını təmin edən şirkətin sistemləri vasitəsilə həyata keçirilib. Kiberhücum edən şəxslər temperatur və buzun əridilməsi parametrlərini təhlükəli həddə dəyişdiriblər.
Lakin müəssisələrdən birində çalışan texnik sistemdəki qeyri-adi dəyişiklikləri vaxtında aşkar edib. Nəzarət və xəbərdarlıq sistemlərinin işə düşməsindən sonra əməkdaşlar dərhal müdaxilə edərək qan və plazma məhsullarını təhlükəsiz şəraitə köçürüblər.
Fransa Qan Xidməti hadisə nəticəsində heç bir qan məhsulunun məhv olmadığını və insanların sağlamlığı üçün təhlükəli vəziyyət yaranmadığını açıqlayıb. Qan toplanması və paylanması prosesinin fasiləsiz davam etdiyi bildirilib.
Hadisədən sonra Fransa Səhiyyə Nazirliyi və ölkənin kibertəhlükəsizlik qurumları araşdırmaya başlayıblar. Hücumun hansı üsulla həyata keçirildiyi və arxasında kimlərin dayandığı hələlik müəyyən edilməyib.
Qeyd edək ki, son günlər Avropanın bir sıra ölkələrində supermarketlərin soyutma sistemlərinə də oxşar kiberhücumlar edildiyi bildirilir. Həmin hadisələr nəticəsində çoxlu sayda ərzaq məhsulu yararsız hala düşüb.








