Alimlər planet sistemlərinin necə formalaşması ilə bağlı mövcud təsəvvürləri dəyişə biləcək qeyri-adi bir kəşfə imza atıblar. İlk dəfə olaraq bir planetin öz ulduzunun fırlanma istiqamətinin əksinə hərəkət etdiyi müəyyən edilib.
XeberPlus.com xəbər verir ki, Böyük Britaniyanın Queen Mary Universitetinin alimləri “GJ 3090 b” adlı Neptun ölçülü planetin geriyə doğru orbitdə hərəkət etdiyini aşkarlayıblar.
Adətən planetlərin öz ulduzları ilə eyni istiqamətdə hərəkət etdiyi qəbul edilir. Lakin yeni kəşf edilən GJ 3090 b bu qaydadan fərqlənir.
Araşdırmanın rəhbəri doktor Andrew Winter bildirib ki, bu, olduqca qeyri-adi planet sistemidir. Onun sözlərinə görə, planet yalnız ulduzuna nisbətən fərqli istiqamətdə yerləşmir, eyni zamanda tam əks istiqamətdə fırlanır.
Alimlər hesab edirlər ki, belə qeyri-adi orbitin necə yarandığı hələ tam aydın deyil. Əsas ehtimallardan biri planet sisteminin müxtəlif istiqamətli iki ayrı diskdən formalaşmasıdır.
Cenevrə Universitetindən doktor Vincent Bourrier qeyd edib ki, bu kəşf gənc ulduzların ətrafındakı mühitin planetlərin quruluşuna gözləniləndən daha böyük təsir göstərə biləcəyini ortaya qoyur.
Tədqiqatçılar indi digər planet sistemlərində də buna bənzər qeyri-adi orbitlərin olub-olmadığını araşdırmağı planlaşdırırlar.









