Xorvatiyanın Osijek şəhərində aparılan arxeoloji qazıntılar zamanı Roma dövrünə aid qədim quyuda 43 insan skeleti aşkarlanıb. Tapıntı alimlərə Roma İmperiyasının ən ağır böhranlarından biri olan böyük epidemiyalar dövrü haqqında yeni məlumatlar verib.
Araşdırmalar zamanı skeletlərdə müharibə və ya zorakılıq izlərinə rast gəlinməyib. Qadın, kişi və uşaqlara aid qalıqların olması onların döyüşçülər deyil, əsasən mülki əhali olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, bu insanlar eramızın III əsrində Roma İmperiyasını bürüyən “Kiprian vəbası” adlı böyük epidemiyanın qurbanları ola bilər. Həmin dövrdə xəstəlik imperiyanın müxtəlif bölgələrinə yayılmış və çoxsaylı insan ölümünə səbəb olmuşdu.
Arxeoloqlar bildirirlər ki, qurumuş quyular həmin dövrdə fövqəladə vəziyyətlər zamanı kütləvi dəfn yerləri kimi istifadə edilə bilirdi. Bu tapıntı Roma tarixində müharibələrdən əlavə, ölümcül xəstəliklərin də cəmiyyətə necə böyük təsir göstərdiyini ortaya qoyur.
Mənbə: kocaeligazetesi








