XeberPlus

Ən son xəbərlər

Psixologiya

Niyə qarşılıq görmədiyimiz sevgidən əl çəkə bilmirik? – PSİXOLOQDAN AÇIQLAMA

Bəzən insan ona dəyər verməyən, sevgisini və diqqətini əsirgəyən birinin sevgisini qazanmaq üçün daha çox səy göstərir. Qarşı tərəf uzaqlaşdıqca ona daha çox bağlanır, laqeydlik gördükcə özünü sübut etməyə çalışır. Sanki həmin insanın sevgisini qazanmaq şəxsi qələbəyə çevrilir. Bir müddət sonra isə münasibət sadəcə sevgi deyil, özünü sübut etmək mübarizəsinə çevrilir. İnsan qarşı tərəfin diqqətini qazandıqca rahatlayacağını, dəyərli hiss edəcəyini düşünür. Lakin bu proses bəzən insanın öz ehtiyaclarını, sərhədlərini və hətta özünə olan münasibətini arxa plana keçirməsinə səbəb olur.

Bəs insan niyə ona dəyər verməyən şəxsin sevgisini qazanmağa çalışır?

Mövzu ilə bağlı psixoloq Vəfa Rəşidova XeberPlus.com-a açıqlamasında bu tip münasibətlərdə manipulyasiyanın olduğunu bildirib:

“İnsan var ki, uşaqlıq dönəmində sevgilə bağlı müəyyən travmalar alır. Münasibətin necə doğru qurulduğunu və idarə olunmasını bilmədiyinə görə bu kimi problemlərlə rastlaşır. Düzgün münasibət qurulmadıqda qarşı tərəf zəifliyini və münasibətdən asıllılığını görür. Belə olduqda isə gah soyuq, gah da isti, bəzən yumşaq, yaxud kobud olur. Sanki manipulyasiya edirlər və münasibətdə olduqları insanların sevgisini qazanmağa çalışırlar”.

Ekspert dəyər verilməyən münasibətin yarada bildiyi problemlərdən söz açıb:

“Bu travmanı yaşayan insan bunu hiss etmir və sevgi qazanmaq üçün hər şey etməyə çalışır. Bu problem uşaqlıq da ana-ata münasibətlərində düzgün sevgi, qayğı görünmədikdə də olur. Yəni başqa insanların qarşısında özünü yaxşı göstərmək belə insanlar üçün hər şey olur. Bunu etdikdə isə insanın özgüvəni aşağı düşür, hətta şəxsiyyətin deformasiyasına qədər gətirib çıxa bilir”.

Həmsöhbətimiz bu cür münasibətlərdən qorunmağın lazım olduğunu vurğulayıb:

“Hər zaman deyirik, qarşı tərəflə neytral münasibət qurun ki, o başqasının oyununa gəlməsin. Çünki belə insanlar “Vampir” şəxslərin nəzərinə tez çarpır. Bunlara diqqət etdikdə həm də ailəmizi bu tip insanlardan qoruya bilərik”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *