XeberPlus

Ən son xəbərlər

Texnologiya

Çində dünyanın ən hündür bəndinə 27 nəhəng güzgü quraşdırılıb

Çində inşa edilən və dünyanın ən hündür bəndi olmağa hazırlaşan hidrotexniki qurğunun yaxınlığında 27 nəhəng güzgü quraşdırılıb.

XeberPlus.com xəbər verir ki, qeyri-adi texnologiya Çinin Siçuan əyalətində, Dadu çayı üzərində inşa edilən Şuanqciankou bəndində tətbiq olunur.

Dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşən ərazidə qış aylarında temperatur mənfi 20 dərəcəyə qədər enir. Bu isə tikintidə istifadə olunan torpaq və gil materiallarının donmasına, nəticədə işlərin ləngiməsinə səbəb olur.

Problemin həlli üçün mühəndislər günəşin hərəkətini izləyən 27 xüsusi güzgüdən istifadə ediblər. “Heliostat” adlandırılan bu qurğular günəş şüalarını bəndin tikinti sahəsinə yönəldərək torpağın temperaturunu artırır.

Mütəxəssislərin məlumatına görə, güzgülər iş aparılan səthin temperaturunu təxminən 3-5 dərəcə yüksəldə bilir. Bunun sayəsində soyuq havalarda tikinti müddətini gündə üç saata qədər uzatmaq mümkün olur.

Əlavə iş saatları ərzində təxminən 2000 kubmetr tikinti materialının yerləşdirilə bildiyi bildirilir. Bu üsul tikintinin sürətlənməsinə və materialların tələb olunan sıxlıqda yerləşdirilməsinə kömək edir.

Tamamlandıqdan sonra bəndin hündürlüyünün 315 metrə çatacağı gözlənilir. Tikinti işlərinin 2027-ci ildə yekunlaşdırılması planlaşdırılır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *