Elon Maskın təsis etdiyi “Neuralink” şirkəti insan beynindən gələn siqnallar vasitəsilə “Grok” süni intellektini idarə etməyə imkan verən yeni texnologiyanı nümayiş etdirib. Sistem xüsusilə danışmaqda və hərəkət etməkdə ciddi çətinlik çəkən insanların ünsiyyətini asanlaşdırmaq məqsədilə hazırlanıb.
XeberPlus.com xəbər verir ki, yeni texnologiya beyin-kompüter interfeysi vasitəsilə insanın danışmaq niyyəti ilə əlaqəli beyin siqnallarını müəyyənləşdirərək onları sözlərə və əmrlərə çevirir.
Şirkətin təqdim etdiyi sistem sayəsində istifadəçi yalnız danışmağı təsəvvür edərək “Grok” süni intellektinə tapşırıqlar verə bilir. Bunun üçün şəxs zehnində “Hey Neuralink” ifadəsini canlandırır və ardınca yerinə yetirilməsini istədiyi əmri düşünür.
“Neuralink” həmçinin beyin siqnalları vasitəsilə telefon danışığı aparmağa imkan verən yeni funksiyanı sınaqdan keçirib. Sistem istifadəçinin danışmaq niyyətini süni səsə çevirərək telefon vasitəsilə qarşı tərəfə ötürür.
Bundan əlavə, istifadəçilərin fiziki klaviaturadan istifadə etmədən “iPhone” tətbiqlərində mətn yazmasına imkan verən texnologiya da hazırlanıb. Bu yenilik xüsusilə hərəkət imkanları məhdud olan insanların mesajlaşmasını asanlaşdıra bilər.
Yeni sistemin üstünlüklərindən biri də danışmaq niyyətinin avtomatik müəyyənləşdirilməsidir. Əvvəllər istifadəçilər bəzi funksiyaları aktivləşdirmək üçün fiziki düymədən istifadə etməli idilər. Yeni texnologiya isə həmin prosesi beyin siqnalları əsasında həyata keçirə bilir.
Şirkətin bildirdiyinə görə, yeni funksiyaların ilk versiyaları “VOICE” adlı klinik araşdırmada iştirak edən şəxsin evində aparılan 72 saatlıq sınaq zamanı hazırlanıb və yoxlanılıb.








