Çində insan ölçülərini xeyli aşan yeni süni intellekt robotu təqdim olunub. Hündürlüyü 4 metr olan robotun 500 kiloqrama qədər yük qaldıra bildiyi bildirilir.
XeberPlus.com xəbər verir ki, Pekində fəaliyyət göstərən “NeodraDynamics” şirkətinin hazırladığı “Neo1” adlı insanabənzər robot ağır sənaye işlərini yerinə yetirmək üçün nəzərdə tutulub.
Çəkisi 1,2 ton olan robot adi elektrik mühərrikləri əvəzinə hidravlik sistemdən istifadə edir. Şirkətin məlumatına görə, bu texnologiya robotun iki qolu ilə kiçik avtomobil və ya yetkin inək ağırlığında yük qaldırmasına imkan verir.
“Neo1” ağır avadanlıqların quraşdırılması, mədənlərdə işlərin görülməsi və təbii fəlakətlər zamanı dağıntıların təmizlənməsi üçün hazırlanıb. Robotun təhlükəli mühitlərdə insan əməyini əvəz edə biləcəyi bildirilir.
İstehsalçı şirkət robotun barmaq hərəkətlərinin 0,01 millimetr dəqiqliyə malik olduğunu iddia edir. Bu isə onun iynəyə sap keçirmək kimi olduqca həssas tapşırıqları yerinə yetirə biləcəyi deməkdir.
Bununla belə, şirkət robotun bütün imkanlarını hələ nümayiş etdirməyib. Sərgidə təqdim olunan model yalnız məhdud qol və ayaq hərəkətləri göstərib. Buna görə də onun ağır yükləri qaldırmaq və yüksək dəqiqlik tələb edən işləri yerinə yetirmək bacarığı hələ praktik nümayişlə təsdiqlənməyib.
“NeodraDynamics” gələcəkdə bu cür robotların yalnız sənaye müəssisələrində deyil, evlərdə də insanlara kömək edə biləcəyini bildirir/










