Sosial şəbəkə istifadəçisi itirdiyi simsiz qulaqlığını “ChatGPT” süni intellektinin köməyi ilə tapıb. Ağ çınqıl daşlarının arasında qulaqlığını axtaran şəxs 10 dəqiqə ərzində nəticə əldə edə bilməsə də, süni intellekt ona beş dəqiqədən az müddətdə kömək edib.
XeberPlus.com xəbər verir ki, hadisə barədə “Reddit” sosial platformasında paylaşım edilib. İstifadəçinin sözlərinə görə, kiçik simsiz qulaqlığı geyimindən düşərək ağ daşların arasına yuvarlanıb.
Qulaqlıq ağ rəngdə olduğundan onu çınqıl daşlarının arasında görmək olduqca çətin olub. Üstəlik, cihaz qulağa taxılmadığı zaman tam aktivləşmədiyi üçün istifadəçi “Bluetooth” vasitəsilə səs çıxararaq onun yerini müəyyənləşdirə bilməyib.
Təxminən 10 dəqiqə axtarış apardıqdan sonra şəxs ərazinin fotosunu çəkərək “ChatGPT”yə göndərmək qərarına gəlib. Süni intellekt şəkli təhlil edərək qulaqlığın yerləşdiyi nöqtəni göstərib.
İstifadəçinin bildirdiyinə görə, fotonun göndərilməsindən qulaqlığın tapılmasına qədər beş dəqiqədən də az vaxt keçib. Nəticə onu xeyli təəccübləndirib.
O, “ChatGPT olmasaydı, qulaqlığı heç vaxt tapa biləcəyimi düşünmürəm”, – deyə bildirib.
Hadisə sosial şəbəkələrdə geniş marağa səbəb olub. “Reddit” platformasında paylaşım 2800-dən çox müsbət səs toplayıb və yüzlərlə istifadəçi tərəfindən şərh edilib.
Bu hadisə süni intellektin yalnız sualları cavablandırmaq üçün deyil, gündəlik həyatda müxtəlif əşyaların şəkillər üzərindən axtarılmasına kömək etmək üçün də istifadə oluna bildiyini göstərib.









