“Chery” insanabənzər robotunu təqdim etdi – Ailə üzvlərini tanıyır, söhbətləri yadda saxlayır
Çinin avtomobil istehsalçısı “Chery” ev şəraitində istifadə üçün hazırlanmış yeni insanabənzər robotunu təqdim edib. “Mobo” adlanan robot süni intellekt vasitəsilə ailə üzvləri ilə ünsiyyət qurmaq və gündəlik həyatda onlara kömək etmək üçün nəzərdə tutulub.
XeberPlus.com xəbər verir ki, robot “Chery Group”a məxsus “AiMOGA Robotics” şirkəti tərəfindən hazırlanıb və Çinin Uhu şəhərində keçirilən beynəlxalq təqdimat tədbirində nümayiş etdirilib. Şirkət yeni məhsul üçün dünya üzrə ilkin sifarişlərin qəbuluna da başlayıb.
Hündürlüyü 90 santimetr olan “Mobo” yeriyə, müxtəlif hərəkətlər edə və ətrafındakı əşyaları tanıya bilir. Robotun uşaqlara nağıl danışmaq, sualları cavablandırmaq və ingilis dilinin öyrənilməsinə kömək etmək kimi funksiyaları var. Yaşlı insanlar üçün isə söhbət etmək və gündəlik işləri xatırlatmaq imkanları nəzərdə tutulub.
Robot 20-dən çox dildə ünsiyyət qura bilir. Üztanıma texnologiyası sayəsində ailə üzvlərini bir-birindən fərqləndirir, əvvəlki söhbətləri yadda saxlayır və istifadəçilərin vərdişlərini öyrənərək onlara uyğun cavablar verir.
“Mobo”nun əsasını “MoAgent” adlı süni intellekt sistemi təşkil edir. Bu texnologiya robotun ətraf mühiti təhlil etməsinə, maneələrdən yayınmasına və mürəkkəb tapşırıqları mərhələlərlə yerinə yetirməsinə imkan yaradır. Sistemin eyni vaxtda 16 tapşırığı idarə etmək imkanına malik olduğu bildirilir.
Şirkətin açıqlamasına görə, “AiMOGA Robotics” indiyədək dünya üzrə 3 mindən çox robot satıb. Onun məhsulları 60-dan artıq ölkə və regionda müxtəlif sahələrdə istifadə olunur.









