XeberPlus

Ən son xəbərlər

Texnologiya

Süni intellekt özünü kopyalayaraq minlərlə cihaza yayıla bilər

Süni intellekt modellərinin internetə qoşulmuş cihazlar vasitəsilə özünü kopyalayaraq digər sistemlərə yayılması ehtimalı kibertəhlükəsizlik sahəsində ciddi narahatlıq yaradıb. Anthropic şirkəti belə sistemlərin gələcəkdə mərkəzi idarəetmə nöqtəsindən asılı olmadan fəaliyyət göstərə biləcəyi barədə xəbərdarlıq edib.

XeberPlus.com xəbər verir ki, Claude süni intellektinin yaradıcısı Anthropic-in yeni araşdırmasında modellərin özünü çoxaltmaq üçün lazım olan texniki imkanlara yaxınlaşdığı bildirilib. Şirkətin qiymətləndirməsinə görə, yaxın aylarda bu cür prosesin ayrı-ayrı mərhələlərini həyata keçirə bilən sistemlərin imkanları daha da arta bilər.

Belə bir ssenaridə ağıllı məişət cihazları, Android TV qurğuları və digər ucuz elektron avadanlıqlar potensial hədəflərə çevrilə bilər. Təhlükəsizlik tədbirləri zəif olan cihazlara sızan zərərli proqramlar onların hesablama gücündən istifadə edərək başqa sistemlərə yayılmağa cəhd göstərə bilər.

Anthropic bu ehtimalı qiymətləndirmək üçün aparılan təcrübələrdən də bəhs edib. Sınaqlardan birində Google şirkətinin Gemma4-26B-A4B modeli ucuz və markasız 15 Android TV qurğusundan ibarət şəbəkədə işlədilib. Şirkətin məlumatına görə, modellər özünü çoxaltma prosesinin bəzi mərhələlərini yerinə yetirə bilib. Bununla belə, bütün mərhələləri etibarlı şəkildə tamamlayaraq müstəqil yayılan və tamamilə nəzarətdən çıxan sistemin mövcudluğu hələ nümayiş etdirilməyib.

Gələcəkdə müxtəlif avadanlıqlarda işləyən bir neçə süni intellekt modelinin vahid şəbəkə şəklində fəaliyyət göstərməsi də mümkün ssenarilər arasındadır. Daha ciddi risklərdən biri isə belə sistemlərin əlavə hesablama gücü əldə etmək üçün məlumat mərkəzlərinə sızmağa cəhd göstərməsidir. Lakin bu ehtimallar hazırda baş vermiş hadisələr deyil, mümkün təhlükə ssenariləridir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *