“Apple”ın yeni qatlanan telefonu “iPhone Duo” satışa çıxmasından cəmi bir neçə gün sonra ciddi problemlə gündəmə gəlib. Bəzi istifadəçilər cihazın açılıb-bağlanması zamanı ekranın çatladığını bildirirlər.
XeberPlus.com xəbər verir ki, şikayətlər əsasən telefonun qatlanan hissəsində yaranan çatlarla bağlıdır. İstifadəçilərin paylaşdığı görüntülərdə ekranın zədələndiyi, bəzi hallarda isə görüntüdə parlaq xətlərin əmələ gəldiyi görünür.
Məlumata görə, problemlə üzləşən bəzi müştərilərin telefonları “Apple Store” mağazalarında ödənişsiz dəyişdirilib. Nasazlığın texniki qüsur kimi qiymətləndirildiyi iddia olunur.
Azərbaycanda isə “iPhone Duo”nun qiyməti 5 929 manatdan başlayır. Yerli mağazaların elan etdiyi qiymətlərə əsasən, 512 GB yaddaşlı versiya 6 399 manat, 1 TB modeli 7 499 manat, 2 TB versiyası isə 9 199 manatdır.
Hazırda ölkəmizdə cihazın bəzi versiyaları öncədən sifariş üçün təklif olunur.









