10 min saxta profil düzəldib 8 milyon dollar qazandı – Süni intellektin gətirdiyi “yenilik”
ABŞ-də süni intellekt vasitəsilə yaradılan musiqilərdən milyonlarla dollar qazanan şəxs həbs cəzasına məhkum edilib.
Musavat.com xəbər verir ki, Nyu-York Federal Məhkəməsi Şimali Karolina ştatının sakini Maykl Smiti musiqi platformalarında dinlənmə saylarını süni şəkildə artıraraq 8 milyon dollara yaxın gəlir əldə etdiyinə görə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, Smit mart ayında özünü təqsirli bilib.
Araşdırma zamanı müəyyən edilib ki, o, 2017–2024-cü illərdə süni intellekt texnologiyalarından istifadə etməklə minlərlə musiqi əsəri yaradıb və onları Spotify, Apple Music, Amazon Music və YouTube Music platformalarına yerləşdirib.
Daha sonra təxminən 10 min botdan ibarət şəbəkə vasitəsilə həmin musiqilərin dinlənmə sayını süni şəkildə artırıb.
Nəticədə musiqilər milyardlarla dəfə dinlənilmiş kimi göstərilib. Platformalar bu dinlənmələri real hesab edərək Smitə ümumilikdə 8 milyon dollara yaxın vəsait ödəyiblər.
Forbes nəşrinin məlumatına görə, bu, süni intellektlə yaradılmış musiqilərdən istifadə edilərək striminq platformalarında törədilən dələduzluqla bağlı ilk cinayət işidir.//Musavat.com








