XeberPlus

Ən son xəbərlər

Təhsil

“Uğurlu karyera üçün universitet diplomu lazım deyil” – Ekspertdən AÇIQLAMA

Əmək bazarında yeni peşələr və müasir ixtisaslar ön plana çıxdıqca bəzi ənənəvi sənətlər gənclər arasında əvvəlki populyarlığını itirməyə başlayır. Dərzilik, aşpazlıq, zərgərlik, dülgərlik, çəkməçilik kimi peşələr uzun illər həm ailə biznesinin, həm də fərdi qazancın əsas sahələrindən biri olub. Bu sənətlər insanın yalnız peşə sahibi olmasına deyil, öz əməyindən gəlir əldə etməsinə və hətta zamanla şəxsi işini qurmasına imkan verib. Lakin bu gün bir çox gənc gələcəyini planlaşdırarkən ilk növbədə ofis işi, yüksək maaşlı vəzifə, texnologiya, bank, İT və digər müasir sahələrə yönəlir.

Burada maraqlı məqam ondan ibarətdir ki, ənənəvi peşələr tamamilə yoxa çıxmayıb. Əksinə, yaxşı dərziyə, peşəkar aşpaza, bacarıqlı zərgərə və digər ustalara ehtiyac hələ də var. Problem daha çox bu peşələrin gənclər üçün nə dərəcədə cəlbedici görünməsi ilə bağlıdır. Bəzi gənclər bu sahələrdə uzun müddət işləyib ustalaşmağın çətin olduğunu düşünür, bəziləri isə həmin peşələrin cəmiyyət tərəfindən kifayət qədər prestijli qəbul edilmədiyini hesab edir. Digərləri isə qısa müddətdə gəlir əldə etməyə üstünlük verdiyindən illərlə təcrübə tələb edən sənətlərə maraq göstərmir.

Nə üçün gənclər dərzi, aşpaz, zərgər, çəkməçilik kimi peşələrdən uzaqlaşır?

Mövzu ilə bağlı Torino Universitetinin doktorantı və təhsil eksperti Etibar Vəzirov XeberPlus.com-a açıqlamasında gənclərin ənənəvi peşələrdən uzaqlaşma səbəblərindən danışıb:

“Bu gün gənclərin dərzilik, aşpazlıq, zərgərlik və digər ənənəvi peşələrə marağının azalmasının bir neçə səbəbi var. Əsas səbəblərdən biri cəmiyyətdə ali təhsilin hələ də uğurun əsas göstəricisi kimi qəbul edilməsidir. Bir çox gənc və valideyn düşünür ki, uğurlu karyera üçün mütləq universitet diplomu və ofis işi olmalıdır. Nəticədə peşə təhsili bəzən ikinci seçim kimi görülür”.

Ekspert bildirib ki, sosial şəbəkələrin cəmiyyətin həyat və fəaliyyətinə inteqrasiya etməsi nəticəsində gənclərin maraq dairəsində dəyişikliklər yaranır:

“Rəqəmsallaşma və sosial medianın təsiri ilə gənclərin maraqları da dəyişib. İT, süni intellekt, rəqəmsal marketinq və digər müasir sahələr daha perspektivli və cəlbedici görünür. Halbuki yaxşı dərziyə, aşpaza, zərgərə və digər peşə sahiblərinə hər zaman ehtiyac var və peşəsini yüksək səviyyədə bilən insan kifayət qədər yaxşı gəlir də əldə edə bilər”.

Mütəxəssisin fikrincə, gənclər ənənəvi peşələrə yalnız sənət kimi deyil, inkişaf və biznes qurmaq imkanı verən müasir karyera sahəsi kimi yanaşmalıdırlar:

“Əsas məsələ bu peşələri gənclərə köhnəlmiş sahələr kimi deyil, müasir texnologiyalar və sahibkarlıqla birləşdirilə bilən karyera imkanları kimi təqdim etməkdir. Məsələn, yaxşı bir aşpaz öz brendini yarada, dərzi onlayn satışa çıxa, zərgər isə dizayn və rəqəmsal texnologiyalardan istifadə edərək beynəlxalq bazara açıla bilər. Gənc həmin peşədə inkişaf və gələcək perspektivi gördükdə, ona maraq da təbii olaraq artır”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *