XeberPlus

Ən son xəbərlər

Təhsil

Şagird və tələbələr üçün süni intellektdən istifadəyə məhdudiyyət gəlməlidir? – Ekspertdən AÇIQLAMA

Süni intellektin təhsil prosesinə daxil olması şagird və tələbələr üçün məlumat əldə etmək, mövzuları daha asan anlamaq və müxtəlif tapşırıqlar üzərində işləmək baxımından yeni imkanlar yaradıb. Lakin bu texnologiyadan həddindən artıq və nəzarətsiz istifadə təhsildə müstəqil düşünmə, araşdırma və yazı bacarıqlarının zəifləməsi ilə bağlı suallar da doğurur. Xüsusilə ev tapşırıqlarının və yazılı işlərin tamamilə süni intellektə həvalə edilməsi şagird və tələbənin real bilik səviyyəsinin müəyyənləşdirilməsini çətinləşdirə bilər.

Bəs şagird və tələbələrin Aİ-dən istifadəsinə hansı məhdudiyyətlərin tətbiq edilməlidir?

Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov XeberPlus.com-a açıqlamasında bildirib ki, süni intellekti qadağan etmədən mərhələli nəzərətlərin tətbiqi daha əlverişli olar:

“Süni intellekt texnologiyalarının sürətli inkişafı təhsil sistemini köklü şəkildə dəyişdirsə də, bu texnoloji sıçrayış şagird və tələbələrin idraki inkişafı, müstəqil tədqiqat qabiliyyəti və akademik dürüstlük prinsipləri üçün ciddi risklər yaradır. Süni intellekt alətlərindən istifadənin təhsil mühitində tamamilə qadağan edilməsi müasir dünyanın reallıqlarına zidd olsa da, tədris prosesinin keyfiyyətini qorumaq üçün elmi əsaslı funksional, metodoloji və institusional məhdudiyyətlərin tətbiq edilməsi qaçılmazdır. Düşünürəm ki, ilk növbədə, fərdin yaş və idraki hazırlıq səviyyəsi nəzərə alınaraq funksional-mərhələli məhdudiyyətlər tətbiq edilməlidir. Xüsusilə ibtidai və orta təhsil pilləsində fundamental riyazi, məntiqi və dil bacarıqları formalaşdığı üçün generativ Aİ alətlərinin sərbəst istifadəsi tamamilə məhdudlaşdırılmalıdır”.

Onun sözlərinə görə, süni intellekt şagird və tələbələrin yerinə düşünən və yazan vasitə yox, köməkçi vasitə kimi çıxış etməldir:

“İdrak psixologiyası sübut edir ki, baza biliklərin həlli mexaniki olaraq neyron şəbəkələrə həvalə edildikdə, beynin zehni əlaqələri zəifləyir və şagirdlərdə problem həlletmə potensialı zəifləyərək sıradan çıxır. Digər tərəfdən, yuxarı siniflərdə və ali təhsil pilləsində hazır nəticəyə deyil, öyrənmə prosesinə fokuslanma prinsipi əsas götürülərək metodoloji məhdudiyyətlər qoyulmalıdır. Tələbələrin yazı işlərini (esse, kurs işi, tezis) birbaşa Aİ-yə yazdırması qadağan edilməlidir, bu alətlərdən yalnız struktur planlaşdırılması və ideya axtarışı mərhələlərində köməkçi resurs kimi istifadə olunmalıdır”.

Həmsöhbətimiz vurğulayıb ki, Aİ sistemlərindən çox istifadə şəxsin koqnitiv düşünmə potensialına mənfi təsir göstərir:

“Bu yaxınlarda “bp” şirkətinin dəstəyi ilə tərcümə edərək elm və təhsil ictimaiyyətinin istifadəsinə verdiyimiz məşhur professor Helqa Novatnının özünün “Biz Süni İntellektə Güvənirik: Güc, İllüziya və Proqnozlaşdırıcı Alqoritmlərə Nəzarət” adlı fundamental əsərində qeyd etdiyi kimi, alqoritmlərə olan həddindən artıq rəqəmsal etimad insanda bir illüziya yaradır və fərdin öz gələcəyini müstəqil şəkildə formalaşdırmaq iradəsini zəiflədir. Təhsilin fundamental məqsədi yekun məhsulun özü deyil, o materialı ərsəyə gətirərkən fərdin keçdiyi intellektual axtarış və qeyri-müəyyənliklərlə mübarizə prosesidir. Bu mərhələ yan keçildikdə ali təhsil öz funksiyasını itirir. Eyni zamanda, akademik dürüstlük və şəffaflığın qorunması məqsədilə tələbələrin elmi işlərində Aİ alətlərindən hansı dərəcədə istifadə etdiklərini rəsmi olaraq bəyan etmələri məcburi sənədləşmə statusuna gətirilməlidir. Bu rəqəmsal etik davranış çərçivəsi tələbələrdə elmi etika və məsuliyyət hissini formalaşdırmaq üçün onurğa sütunu rolunu oynayır”.

Mütəxəssis diqqətə çatdırıb ki, süni intellektdən istifadə bacarıqların daha da inkişaf etdirilməsi yönündə gücləndirilməlidir:

“Aİ-nin yaratdığı süni akademik üstünlüyü neytrallaşdırmaq üçün təhsil müəssisələri qiymətləndirmə metodologiyasını köklü surətdə dəyişməli, ev tapşırıqlarının çəkisini azaldaraq sinifdaxili əyani imtahanlara, şifahi müdafiələrə, debat mühitlərinə və praktiki layihələrə önəm verməlidir. Süni intellekt təhsildə birbaşa təhlükə mənbəyi deyil, lakin onun nəzarətsiz istifadəsi intellektual tənbəlliyə, fərdlərin yaradıcı təfəkkürünün məhdudlaşmasına, tənqidi təhlil qabiliyyətinin itirilməsinə və dərin zehni asılılığa yol aça bilər. Məhz bu səbəbdən tətbiq ediləcək bütün tənzimləmələr texnologiyanın inkişafını əngəlləməyə deyil, insanın özünüdərk, tənqidi təfəkkür və daxili yaradıcılıq potensialının qorunmasına xidmət etməlidir”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *