XeberPlus

Ən son xəbərlər

Təhsil

600 bal toplayan abituriyentlərin hərbi sahəyə marağı niyə aşağıdır? – Ekspertdən AÇIQLAMA

Müasir dövrdə hərbi sahənin qarşısında dayanan əsas tələblərdən biri yüksək hazırlıqlı, texniki və analitik düşüncəyə malik gənclərin bu istiqamətə cəlb edilməsidir. Hərbi texnologiyaların sürətlə inkişaf etdiyi bir şəraitdə savadlı və peşəkar kadrların hazırlanması ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan abituriyentlərin hərbi ali təhsilə marağının artırılması üçün mövcud imkanların genişləndirilməsi və yeni təşviq mexanizmlərinin tətbiqi məsələsi gündəmə gəlir. Deputat Qüdrət Həsənquliyev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin keçirilən iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı yüksək bilik və bacarıqlara malik gənclərin hərbi ali təhsil müəssisələrinə marağının azaldığını bildirib. Həmçinin, deputat gənclərlə görüşdə Xüsusi təyinatlı ali məktəblərə daxil olan abituriyentlərin bal göstəricisinidə vurğulayıb.

Bəs, hərbi ali məktəblərə yüksək balla qəbul olanların sayı niyə 200-300 balla qəbul olanlardan azdır?

Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli XeberPlus.com-a açıqlamsında bildirib ki, abituriyentlər onlara cəlbedici gələn ixtisasları seçməyi daha uyğun bilirlər:

“650-dən yuxarı bal toplayan abituriyentin hərbi məktəblərdən daha çox mülkü ixtisaslara yönəlməsində bir neçə əsas amil dayanır. Gənclərin böyük əksəriyyəti, gələcəyini daha elastik, sərbəst iş qrafiki və şəxsi biznes qurmaq üçün IT, tibb, hüquq, mühəndislik kimi istiqamətlərdə görürlər. Hərbi xidmət isə daxili nizam-intizam, ciddi rejim və öhdəliklər tələb edən xüsusi peşə sahəsidir. Yüksək bal toplayan gənc üçün azad seçim imkanlarının genişliyi psixoloji olaraq daha cəlbedici görünür. Burada risk və mükafat balansı da mühüm rol oynayır. Hərbi peşə yüksək fiziki və psixoloji güc, daim fərqli bölgələrdə xidmət etmək və yüksək məsuliyyət tələb edir”.

Mütəxəssis hərbi ali təhsil müəssisələrinin əsasən hansı xüsusiyyətlərinə görə seçildiyini qeyd edib:

“200-300 bal diapazonunda olan abituriyentlərin xüsusi təyinatlı ali məktəblərə marağının və ya seçim şansının daha böyük olması isə bu sahənin təmin etdiyi zəmanətlərlə bağlıdır. Hərbi ali təhsil müəssisələri tələbəyə ödənişsiz təhsil, geyim, yataqxana, qida və əsasə məzun olduqdan dərhal sonra zəmanətli iş yeri və gəlir təklif edir. Abituriyentlər üçün mülkü ali məktəblərdə ödənişsiz təhsil qazanmaq ehtimalı aşağı olduqda, hərbi təhsil seçimi onlar üçün sosial lift rolu oynayır və gələcək işsizlik riskini minimuma endirir. Buna görə də həmin bal aralığında tələb dəfələrlə çox olur”.

Həmsöhbətimiz vurğulayıb ki, 600 və daha yüksək bal toplayan abituriyentlərin hərbi ali təhsil müəssisələrinə marağını artırmaq üçün bu sahənin prepektivləri daha da cəlbedici səviyyəyə çatdırılmalıdır:

“Xüsus təyinatlı ali məktəblərə gələcəkdə əgər, 500-600 baldan yuxarı toplayan gənclərin sayının artırılmasını təmin etmək istəsək, bu zaman təkcə vətənpərvərlik hisslərinə arxalanmaq kifayət etmir. Hərbi təhsilin akademik keyfiyyətini artırmaq, xarici dil və texnoloji biliklərin tədrisini gücləndirmək ən əsası isə hərbi qulluqçuların sosial paketini, mənzil təminatını və məzun olduqdan sonraki statusunu rəqabətə daimi etmək lazımdır. Yüksək potensiala malik gənc görməlidir ki, hərbi forma geyinmək ona yalnız şərəf deyil, həm də yüksək həyat standartı və parlaq gələcək vəd edir”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *