Nazir Kacır Afyonkarahisar şəhərindəki Emre gölündə keçirilən 28-ci TÜBİTAK Göyüzü Müşahidə Tədbiri zamanı jurnalistlərə açıqlama verib. Kacır Türkiyənin Milli Texnologiya Həmləsi çərçivəsində kosmosun çox mühüm yer tutduğunu bildirərək, kosmos və kosmik texnologiyaların müdafiə sənayesi kimi strateji əhəmiyyət daşıyan sahələr üçün də ən mühüm infrastruktur imkanlarını formalaşdırdığını deyib.
Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə mühüm layihələr həyata keçirdiklərini vurğulayan Kacır, peyk texnologiyaları sahəsində BİLSAT, RASAT, GÖKTÜRK-2, Türksat 6A və İMECE layihələri ilə mühüm imkanlar qazandıqlarını qeyd edib.
Kacır Milli Kosmik Proqram çərçivəsində dərin kosmos layihələrinin davam etdirildiyini bildirərək deyib:
“Mühəndislərimiz, tədqiqatçılarımız və alimlərimiz Türkiyənin Ay aparatını hazırlayırlar. Hibrid itələmə raket sisteminə malik Ay aparatımızı 2027-ci ilin ilk aylarında kosmosa göndərəcəyik. Hazırda buraxılış təqvimi də dəqiqləşib. Bütün sınaqlar uğurla həyata keçirilib. İnşallah, Türkiyə olaraq dünyada çox az sayda ölkənin reallaşdıra biləcəyi belə bir texnoloji imkan əldə edərək bu iddianı da həyata keçirmiş olacağıq.”
Mənbə: Milliyet







