OpenAI süni intellekt modelinin cəbr, ədədlər nəzəriyyəsi, riyazi məntiq və nəzəri kompüter elmləri kimi sahələrdə yüzlərlə yeni riyazi nəticə əldə etdiyini açıqlayıb.
XeberPlus.com xarici mediaya istinadla bildirir ki, şirkətin məlumatına görə, nəticələr hələ ictimaiyyətə təqdim edilməyən daxili AI modeli tərəfindən hazırlanıb. Ümumilikdə 377 nəticə müəyyən edilib və onların bir hissəsinin sübutları “Lean” adlı kompüter sistemi vasitəsilə formal şəkildə yoxlanılıb.
OpenAI bildirib ki, əldə olunan nəticələr süni intellektin yalnız mövcud suallara cavab verməklə kifayətlənmədiyini, yeni elmi nəticələrin əldə olunmasında da istifadə oluna biləcəyini göstərir. Şirkət bu nəticələri və sübutları GitHub-da paylaşmağa başlayıb.
Bu açıqlama OpenAI-nin sentyabr ayında uzun illərdir açıq qalan Navye-Stoks problemi ilə bağlı AI vasitəsilə əldə etdiyi nəticədən sonra verilib. Bununla belə, riyaziyyatçılar AI tərəfindən hazırlanan belə sübutların müstəqil şəkildə yoxlanılmasının vacibliyini bildirirlər.








