İtaliyada tarixi saraya girən oğrular cəmi bir dəqiqə ərzində 150 min avro dəyərində 26 antik saatı aparıblar. İşlək siqnalizasiya sistemi və silahlı mühafizə onların qaçmasının qarşısını ala bilməyib.
XeberPlus.com xəbər verir ki, hadisə Turinin yaxınlığındakı Venaria Reale Sarayında baş verib. Üç nəfərdən ibarət qrup gecə saat ikidən sonra saraydakı kafenin yan qapısından içəri daxil olub.
Oğrular birbaşa saat kolleksiyasının sərgiləndiyi zala keçərək zərbəyə davamlı şüşə vitrini sındırıblar. Onların binaya daxil olması, saatları götürməsi və uzaqlaşmasının təxminən 60 saniyə çəkdiyi bildirilir.
Oğurlanan saatlar 18-ci əsrdə İngiltərə və Fransada hazırlanıb. Əksəriyyəti cib saatı olan, qızıl və mina işləmələri ilə seçilən kolleksiya 2012-ci ildə italyan kolleksiyaçı Corcio Akkorneronun varisləri tərəfindən saraya bağışlanıb.
Diqqətçəkən məqam isə oğruların yalnız saatları aparmasıdır. Eyni kolleksiyaya daxil olan 24 tarixi tütünqabına toxunulmayıb.
Saray rəhbərliyi hadisə zamanı siqnalizasiyanın işlədiyini açıqlayıb. Oğruların mühafizədən necə yayındığı araşdırılır.








