İlk ağ saçın görünməsi çoxları üçün yaşlanmanın ən nəzərə çarpan əlamətlərindən biridir. Bəziləri bunu genetika ilə, bəziləri stresslə, digərləri isə vitamin çatışmazlığı ilə əlaqələndirir.
Bəs saçlarımızın ağarma səbəbi nədir ?
XeberPlus.com saçların ağarma səbəbiylə bağlı araşdırmanı təqdim edir :
Saçın rəngi melanin adlı piqmentlə müəyyən olunur. Bu piqment saç follikulunda yerləşən melanositlər tərəfindən hazırlanır. İnsan yaşlandıqca melanin istehsal edən hüceyrələrin fəaliyyəti azalır. Nəticədə yeni çıxan saç tellərində piqment əvvəlki qədər olmur və saç boz, daha sonra ağ görünə bilər. Amerika Dermatologiya Akademiyasına görə, saçlar orta hesabla 30–40 yaşlarda ağarmağa başlayır, lakin bəzi insanlarda bu proses daha erkən baş verir.
Alimlərin diqqətini xüsusilə melanosit kök hüceyrələri çəkir. Bu hüceyrələr gələcəkdə piqment istehsal edən hüceyrələrin yaranmasına kömək edir.
2023-cü ildə NIH tərəfindən təqdim olunan araşdırmada alimlər yaşlanma zamanı bu kök hüceyrələrin saç follikulunda əvvəlki kimi düzgün hərəkət edə bilmədiyini müşahidə ediblər. Bəzi hüceyrələr müəyyən bir sahədə “ilişib qalır” və nəticədə piqment istehsal edən yeni hüceyrələr yarada bilmir. Bu proses saçın ağarmasını izah edən mexanizmlərdən biri hesab olunur.
Bəzi hallarda erkən saç ağarması müəyyən sağlamlıq problemləri və qida çatışmazlıqları ilə əlaqəli ola bilər. Vitamin çatışmazlıqları aradan qaldırıldıqda vəziyyətdə dəyişiklik müşahidə edilə bilər. Bu isə o demək deyil ki, hər ağ saç vitamin çatışmazlığından yaranır. Əksər insanlarda yaş və genetika əsas rol oynayır.
Stress də saçların ağarmasına təsir edə bilər. Araşdırmalar göstərir ki, güclü və uzunmüddətli stress saç follikullarında piqment istehsal edən hüceyrələrə təsir edərək onların azalmasına səbəb ola bilər. Nəticədə yeni çıxan saç telləri daha az piqmentli olur və ağ görünür. Bu məşhur araşdırmanın əsas siçanlar üzərində aparılıb. Buna görə “insan nə qədər stress keçirirsə, saçı o qədər tez ağaracaq” demək elmi baxımdan düzgün olmaz.







