Ukraynanın paytaxtı Kiyevdə mühüm nəqliyyat xətlərindən biri olan Cənub körpüsü dron hücumuna məruz qalıb. Hücumdan sonra körpüdə metro, ictimai nəqliyyat və avtomobil hərəkəti müvəqqəti dayandırılıb.
XeberPlus.com xəbər verir ki, Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya ordusu tərəfindən şəhərdəki Cənub körpüsünə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib.
Kliçkonun açıqlamasına görə, Dinyeper çayı üzərində yerləşən körpünün dayaqlarına yaxın əraziyə iki dron düşüb. Hadisədən sonra mütəxəssislər körpünün vəziyyətini yoxlamağa başlayıblar.
Hücum nəticəsində məktəb, yaşayış binaları və anbar kimi bəzi tikililərin də zərər gördüyü bildirilib. Sosial şəbəkələrdə isə körpü ərazisində baş verən yanğınla bağlı görüntülər yayılıb.
Hazırda körpüdə təhlükəsizlik yoxlamaları aparılır və keçidlərin bərpası ilə bağlı qərar araşdırmaların nəticəsinə əsasən veriləcək.








