ABŞ-da smartfonların mobil rabitə əhatəsindən çıxdıqda əlaqəni kəsmədən peyk şəbəkəsinə keçməsinə imkan verən texnologiya uğurla sınaqdan keçirilib.
XeberPlus.com xəbər verir ki, ABŞ-ın “AT&T” və “AST SpaceMobile” şirkətləri mobil rabitə baza stansiyası ilə peyk şəbəkəsi arasında bağlantının fasiləsiz ötürülməsini təmin edən sınaq həyata keçiriblər.
Əvvəllər “AST SpaceMobile” şirkətinin “BlueBird” peykləri vasitəsilə standart smartfonlardan səsli zənglər etmək, mətn mesajları göndərmək və videogörüşlər keçirmək mümkün olmuşdu.
Yeni sınağın əsas məqsədi isə telefonun mobil baza stansiyasından uzaqlaşdığı zaman mövcud bağlantını itirmədən peyk şəbəkəsinə keçməsini təmin etmək olub.
Bu texnologiyanın gələcəkdə mobil rabitə əhatəsinin zəif olduğu və ya ümumiyyətlə mövcud olmadığı ərazilərdə əlaqə problemlərini azaltması gözlənilir. Xüsusilə ucqar yaşayış məntəqələrində, dağlıq ərazilərdə və fövqəladə hallar zamanı faydalı ola bilər.







