Çinin BYD şirkətinə məxsus “YANGWANG U9 Xtreme” elektrik avtomobili yeni dünya sürət rekordu müəyyənləşdirib. Avtomobil sınaq zamanı saatda 503,17 kilometr sürətə çataraq 500 kilometr həddini aşan ilk seriya istehsalı avtomobil olub.
XeberPlus.com xəbər verir ki, rekord Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə, avtomobillərin hərəkəti üçün bağlanmış xüsusi yol hissəsində qeydə alınıb.
Avtomobili almaniyalı yarış pilotu Mark Basseng idarə edib. Əldə olunan nəticə Beynəlxalq Avtomobil Federasiyası tərəfindən təsdiqlənib və avtomobil bir istiqamətdə qeydə alınan ən yüksək sürət üzrə Ginnesin Rekordlar Kitabına imza atıb.
Bununla da “YANGWANG U9 Xtreme” 2025-ci ilin sentyabrında Almaniyanın Papenburq sınaq poliqonunda əldə etdiyi saatda 496,22 kilometrlik əvvəlki rekordunu yeniləyib.
Avtomobil dörd müstəqil elektrik mühərriki ilə təchiz olunub. Mühərriklərin ümumi gücü 3 000 at gücündən çoxdur. Modeldə 1 200 voltluq elektrik sistemi, yüksək məhsuldarlıqlı batareya, xüsusi təkərlər və sürətə uyğunlaşdırılmış asqı sistemi tətbiq edilib.
BYD-nin məlumatına görə, rekord sınağı zamanı avtomobilin aerodinamik xüsusiyyətləri, sistemin parametrləri və təkərlərin təzyiqi üzərində əlavə tənzimləmələr aparılıb. Bu dəyişikliklər avtomobilin yüksək sürətdə dayanıqlığını artırmağa imkan verib.
Şirkət “YANGWANG U9 Xtreme” modelindən dünya üzrə cəmi 30 ədəd istehsal etməyi planlaşdırır. Yeni rekord elektrik avtomobillərinin sürət imkanları baxımından mühüm texnoloji nailiyyət hesab olunur.








