Yaponiyada gələcəyin texnologiyalarından biri kimi qiymətləndirilən yeni xidmət istifadəyə verilib. Ölkədə insansı robotların texniki problemlərini yerində həll etmək üçün xüsusi “robot ambulansı” fəaliyyətə başlayıb.
XeberPlus.com xəbər verir ki, bu xüsusi nəqliyyat vasitəsi insanlara deyil, robotlara xidmət göstərmək üçün hazırlanıb. Yaponiyanın GMO Internet Group şirkətinin hazırladığı mobil servis avtomobili nasaz robotlara müdaxilə etmək üçün mühəndislər, təmir avadanlıqları, ehtiyat hissələri və lazım olduqda əvəzedici robot daşıyır.
Robot hər hansı səbəbdən işləmədikdə texniki heyət hadisə yerinə gedərək problemi aradan qaldırmağa çalışır. Nasazlıq yerində həll edilə bilməzsə, robot təmir mərkəzinə aparılır və fəaliyyətin dayanmasının qarşısını almaq üçün onun yerinə başqa robot təqdim edilir.
Şirkət bildirir ki, bu xidmətin yaradılmasının əsas səbəblərindən biri robotların uzun müddət təmir üçün göndərilməsi nəticəsində müəssisələrdə yaranan fasilələri azaltmaqdır. Xüsusilə otellər, anbarlar və müxtəlif xidmət sahələrində robotların istifadəsi artdıqca belə texniki dəstəyə ehtiyacın daha da yüksələcəyi gözlənilir.
Hazırda bu sistem Tokio şəhərində fəaliyyət göstərir. Robot ambulansı tam avtomatik işləyən bir vasitə deyil avtomobili insan idarə edir və təmir işlərini də mütəxəssislər həyata keçirir. Gələcəkdə isə insansı robotların gündəlik həyatda daha geniş yayılması ilə bu tip xidmətlərin sayının artırılması planlaşdırılır.
Texnologiya mütəxəssisləri hesab edir ki, robotların sayı artdıqca onların texniki baxımı üçün yaradılan bu cür sistemlər gələcəyin vacib infrastruktur sahələrindən birinə çevrilə bilər.







