Avstriyanın Ranshofen şəhərində aparılan arxeoloji qazıntılar zamanı 120 gənc kişiyə aid insan qalıqlarının olduğu kütləvi məzar aşkarlanıb. Şantiyədə təsadüfən tapılan məzarlarda 15-25 yaş arası şəxslərin sümükləri üzə çıxıb.
Araşdırmalar zamanı gənclərin 9 ayrı kütləvi məzarda nizamsız şəkildə dəfn edildiyi müəyyən edilib. Bəzi skeletlərin üzüüstə, bəzilərinin isə yan vəziyyətdə olduğu bildirilib.
Mütəxəssislər sümüklərdə C vitamini çatışmazlığı izləri aşkar edib. Bu isə uzun müddətli ağır qidalanma problemi yaşadıqlarını göstərir. Alimlər onların Napoleon müharibələri dövründə yaşamış əsgərlər ola biləcəyini ehtimal edir, lakin kimlikləri hələ də dəqiq müəyyənləşdirilməyib.
Ən diqqətçəkən detal isə kəsilmiş ayaq sümüyü olub. Məhz bu tapıntı araşdırmaçılara məzarların hansı dövrə aid olduğunu və burada böyük bir faciənin yaşandığını anlamağa kömək edən əsas sübutlardan biri sayılır.
Radiokarbon analizlərinə görə qalıqların 1723-1813-cü illər arasına aid olduğu müəyyən edilib. Hazırda DNA analizləri aparılır və nəticələrin gənclərin kimliyini və necə öldüklərini aydınlaşdıracağı gözlənilir.
Mənbə:sozcu.com







