ABŞ-da 16 ildən sonra ilk dəfə eyni gün ərzində üç məhbusun ölüm hökmü icra olunub. Müxtəlif ştatlarda həyata keçirilən edamlar ölkədə ölüm cəzası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
İlk olaraq Oklahoma ştatında 70 yaşlı Karlos Kuesta-Rodriges zəhərli iynə üsulu ilə edam edilib. O, 2003-cü ildə həyat yoldaşını öldürməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum olunmuşdu.
Daha sonra Tennessi ştatında 66 yaşlı Darrell Hines edam olunub. Hines 1985-ci ildə otel əməkdaşını öldürməkdə günahlandırılmışdı. Onun vəkillərinin xəstəlik və əlillik səbəbilə edamın dayandırılması ilə bağlı müraciəti qəbul edilməyib.
Günün üçüncü edamı Alabama ştatında həyata keçirilib. 42 yaşlı Ceremi Uilyams 5 yaşlı uşağın zorlanması və öldürülməsinə görə ölüm hökmünə məhkum edilmişdi.
Qeyd edək ki, ABŞ-da eyni gündə üç nəfərin edam edilməsi sonuncu dəfə 7 yanvar 2010-cu ildə baş verib. Hazırda ölkənin 50 ştatından 27-də ölüm cəzası qanuni olaraq tətbiq olunur.
Hadisə ABŞ-da ölüm hökmünün tətbiqinin artması və bu cəzanın tərəfdarları ilə əleyhdarları arasında mübahisələri yenidən gündəmə gətirib.
Mənbə: Anadolu Ajansı







