XeberPlus

Ən son xəbərlər

Dünya

Süni intellekt cinayət planını aşkarladı

Braziliyada bir şəxsin öz oğluna qarşı hazırladığı iddia edilən cinayət planı süni intellektlə yazışmaları nəticəsində üzə çıxıb. 36 yaşlı fermerin təxminən iki ay ərzində ChatGPT vasitəsilə oğlunu öldürmək planları, ictimai yerlərdə hücum törətmək və intihar etmək barədə fikirlərini yazdığı bildirilib.

Məlumata görə, OpenAI təhlükəsizlik sistemləri tərəfindən qeydə alınan yazışmalar ABŞ Federal Təhqiqat Bürosuna göndərilib. Daha sonra Braziliya hüquq-mühafizə orqanları məlumatlandırılıb və şübhəli şəxs saxlanılıb.

Polis evdə axtarış zamanı naməlum maddələr olan qablar və düyünlənmiş kəndir aşkar edib. Tapıntılar araşdırma çərçivəsində sübut kimi qiymətləndirilir.

İstintaq məlumatlarına əsasən, şübhəli şəxsin oğlunun anasına ödədiyi aliment səbəbindən qəzəbli olduğu və bu səbəbdən cinayət planı qurduğu bildirilir.

Araşdırma zamanı həmin şəxsin yalnız ailəsinə qarşı deyil, ictimai yerlərdə hücum törətmək barədə də fikirlər yazdığı müəyyən edilib. Yazışmalarda bir neçə nəfəri öldürərək məşhur olmaq istədiyini ifadə etdiyi iddia edilir.

Şübhəlinin vəkili isə müvəkkilinin heç bir real hərəkətə keçmədiyini və yazışmaların sadəcə düşüncələrdən ibarət olduğunu bildirib. O, ittihamları qəbul etməyib.

Şəxs 54 gün nəzarətdə saxlanıldıqdan sonra məhkəmə qərarı ilə bəzi məhdudiyyətlər tətbiq edilməklə sərbəst buraxılıb.

Hadisə süni intellekt platformalarının təhlükəsizlik mexanizmləri və istifadəçi məxfiliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. OpenAI rəhbəri Sam Altman daha əvvəl ChatGPT ilə aparılan söhbətlərin həkim-pasiyent və ya vəkil-müştəri münasibətlərində olduğu kimi xüsusi hüquqi məxfilik qorumasına malik olmadığını bildirmişdi.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *