Finlandiya və İsveç Hərbi Hava Qüvvələri Finlandiya körfəzi üzərində uçan Rusiya hərbi təyyarələrini müəyyənləşdirmək üçün döyüş təyyarələrini havaya qaldırıb.
XeberPlus.com Euronews-ə istinadən xəbər verir ki,, hadisə iki ölkənin birgə həyata keçirdiyi sürətli reaksiya (QRA) missiyası çərçivəsində baş verib.
Finlandiya Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, İsveç və Finlandiyaya məxsus döyüş təyyarələri beynəlxalq hava məkanında hərəkət edən Rusiya aviasiya qrupunu müəyyən etmək üçün fəaliyyətə başlayıb.
Məlumata görə, müşahidə edilən Rusiya hava vasitələri arasında Tu-134 nəqliyyat təyyarəsi, MiQ-31 və Su-30 qırıcıları olub.
Bu əməliyyat Finlandiya və İsveç hava qüvvələrinin birgə həyata keçirdiyi ilk operativ “tanıma missiyası” kimi qiymətləndirilir.
İsveçin Baş naziri Ulf Kristersson sosial media hesabında məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Baltik dənizində təhlükəsizlik məsələləri əvvəlkindən daha çox diqqət tələb edir.
Son illərdə Baltik regionunda hərbi gərginlik artıb. Finlandiya və İsveç 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarından sonra uzun illər davam edən hərbi neytrallıq siyasətindən uzaqlaşaraq NATO-ya üzv olublar.
Məsələ ilə bağlı Avropada təhlükəsizlik narahatlıqları da artıb. Danimarka Müdafiə Kəşfiyyat Xidməti Rusiyanın NATO ölkələrinə qarşı mümkün məhdud hərbi addımlarının riskinin artdığını, lakin genişmiqyaslı hücum ehtimalının aşağı olduğunu açıqlayıb.
Avropa ölkələri həmçinin kiberhücumlar, sabotaj cəhdləri və digər qeyri-ənənəvi təhlükələrə qarşı hazırlıq səviyyəsini artırır.
Rusiya tərəfi isə Avropada baş verən bəzi hava məkanı pozuntuları ilə bağlı ittihamları əsassız adlandıraraq rədd edib.







