XeberPlus

Ən son xəbərlər

Dünya

Avropada təyyarələrə bomba xəbərdarlığı edildi

Avropada noyabrın 5-də 20-yə yaxın sərnişin təyyarəsinə bomba yerləşdirilməsi barədə xəbərdarlıqlar edilib. Hadisələr nəticəsində bəzi təyyarələr uçuş istiqamətlərini dəyişmək məcburiyyətində qalıb, digərləri isə hərbi qırıcıların müşayiəti ilə hava limanlarına eniş edib.

XeberPlus.com xəbər verir ki, təhlükəsizlik xəbərdarlıqları İrlandiya, Fransa, İtaliya, Finlandiya, Bolqarıstan, Çexiya və digər Avropa ölkələrində aviareyslərə təsir göstərib.

Dublindən Romaya uçan “Aer Lingus” aviaşirkətinə məxsus “Airbus A320” tipli təyyarə bomba xəbərdarlığı səbəbindən Fransanın Normandiya bölgəsində yerləşən Evre hərbi hava bazasına yönləndirilib. EI402 nömrəli reysi yerinə yetirən təyyarədə 151 sərnişin və 6 ekipaj üzvü olub.

Fransa rəsmilərinin məlumatına görə, təyyarə təhlükəsiz eniş edib və sərnişinlər təhlükəsiz əraziyə aparılıblar. Hava gəmisinin yoxlanılması üçün hadisə yerinə partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər cəlb olunublar.

Eyni gün Finlandiyanın “Finnair” aviaşirkətinin Helsinkidən Roma və Vyanaya uçan iki təyyarəsinə də bomba xəbərdarlığı edilib. Romaya istiqamətlənən təyyarəni İtaliya Hərbi Hava Qüvvələrinin qırıcıları müşayiət edib. Hər iki təyyarə təhlükəsiz eniş edib və xəbərdarlıqların əsassız olduğu müəyyənləşdirilib.

“Wizz Air” aviaşirkətinin Milandan Varşavaya uçan təyyarəsi isə xəbərdarlıqdan sonra Vyanaya yönləndirilib. Bolqarıstanda da “Ryanair” şirkətinin Kopenhagen, Madrid və Londondan gələn üç reysi ilə bağlı təhlükəsizlik tədbirləri görülüb. Təyyarələrdən ikisi Sofiyaya enib, üçüncüsü isə Plovdiv hava limanına yönləndirilib.

Çexiyanın paytaxtı Praqaya uçan dörd təyyarə barədə də bomba xəbərdarlığı daxil olub. Polis əməkdaşları hava gəmilərində yoxlamalar aparsalar da, partlayıcı qurğu aşkar edilməyib.

Qeyd edək ki, Avropada həftə ərzində 20-dən çox oxşar xəbərdarlıq qeydə alınıb. İndiyədək yoxlanılan təyyarələrdə partlayıcı maddə tapılmayıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *