Gündəlik həyatda insanlar müxtəlif səbəblərdən istəmədikləri təklif və xahişlərə belə “hə” cavabı verə bilirlər. Qarşı tərəfi incitməmək, münasibətləri korlamamaq və ya mənfi təəssürat yaratmamaq istəyi insanın öz fikrini açıq şəkildə ifadə etməsinə mane olur. Lakin davamlı olaraq başqalarının gözləntilərinə uyğun davranmaq zamanla şəxsi sərhədlərin zəifləməsinə və emosional gərginliyin artmasına səbəb ola bilər. Bu baxımdan, uyğun məqamda “yox” deməyi bacarmaq həm sağlam münasibətlərin qorunması, həm də insanın öz ehtiyac və sərhədlərinə hörmət etməsi baxımından mühüm hesab olunur.
Mövzu ilə bağlı psixoloq Dilruba Həsənova XeberPlus.com-a müsahibə verib:
–Dilruba xanım, insan niyə “yox” deməkdə çətinlik çəkir?

-İnsanların “yox” deməkdə çətinlik çəkməsinin əsas səbəblərindən biri qarşı tərəfin reaksiyasından qorxmasıdır. “İnciməsin”, “məni pis anlamasın”, “münasibətimiz pozulmasın” kimi düşüncələr insanı öz istəyindən uzaqlaşdırır. Bunun psixoloji kökü çox vaxt uşaqlıqda formalaşır. Uşaq öyrənir ki, yaxşı olmaq üçün itaət etməli, böyükləri razı salmalıdir, ən əsası konflikt yaratmamalıdır. Sonra bu davranış böyüklükdə də davam edir. Amma insan bir şeyi unutmamalıdır ki, başqasının narazılığından qaçmaq üçün daim özündən imtina etmək sağlam münasibət yaratmır. Bəzən biz “yox” deməkdən yox, “yox” dedikdən sonra özümüzü günahkar hiss etməkdən qorxuruq.
–Sizcə, hansı hallarda “yox” deməyi bacarmaq lazımdır?
-İnsan öz sərhədinin pozulduğunu hiss etdiyi zaman “yox” deməyi bacarmalıdır. İstəmədiyi bir münasibətə, toxunuşa, davranışa, təzyiqə, manipulyasiyaya və ys sevmədiyi hər hansı bir şeyə razılaşmaq məcburiyyətində deyil. Məsələn, bir insan dəfələrlə “mən bunu istəmirəm” deyirsə və qarşı tərəf bunu eşitmir, burada artıq məsələ sadəcə razılaşmamaq deyil, sərhədə hörmətsizlikdir. Həm də “yox” demək üçün mütləq böyük bir səbəbə ehtiyac yoxdur. “Mən bunu istəmirəm” özü kifayət edən səbəbdir. Çünki şəxsi sərhədimizi qorumaq üçün hər dəfə özümüzü müdafiə etməyə, qarşı tərəfdən icazə almağa ehtiyacımız yoxdur.
–“Yox” deməyi bacarmamaq insanın münasibətlərinə və psixoloji vəziyyətinə necə təsir edir ?
-İnsan davamlı olaraq istəmədiyi şeylərə “hə” dedikdə, bunun ən böyük nəticələrindən biri özünə olan hörmətin zəifləməsidir. Çünki insan daxilində bilir ki, “mən bunu istəmirdim, amma yenə də razılaşdım”. Bu vəziyyət zamanla yığılan inciklik, qəzəb, emosional yorğunluq və narahatlıq yarada bilər. Ən təhlükəlisi isə odur ki, insan bir müddət sonra öz istəyini belə ayırd etməkdə çətinlik çəkir: “Mən bunu həqiqətən istəyirəm, yoxsa sadəcə qarşı tərəfi itirməmək üçün razılaşıram?” Sağlam münasibətdə insan həm “hə”, həm də “yox” deyə bilməlidir. Çünki yalnız “hə”lərin olduğu münasibətdə azadlıq yox, bəzən qorxu olur. Məncə, yetkinlik yalnız insanlarla münasibət qurmağı öyrənmək deyil. Kimə, nəyə və harada “yox” deməli olduğunu bilməyi də öyrənməkdir. Çünki insanın sərhədləri onun başqalarından uzaqlaşması deyil, özünə yaxınlaşmasıdır.







