Ailə qurmaq insan həyatının ən mühüm qərarlarından biri hesab olunur. Lakin zaman dəyişdikcə gənclərin bu qərara yanaşması da dəyişir. Əvvəllər evlilik daha çox ənənə, ailə münasibətləri və sosial gözləntilərlə müəyyənləşirdisə, bu gün gənclər gələcək həyatlarını qurarkən daha çox şəxsi imkanlarını, maddi təminatını və sabitliyini nəzərə alırlar. Artıq ailə qurmaq yalnız iki insanın bir araya gəlməsi deyil, həm də qarşıdakı həyatın məsuliyyətini daşımağa hazır olmaq məsələsidir. Bu səbəbdən müasir dövrdə gənclərin evlilik yaşının yüksəlməsi cəmiyyətdə baş verən daha geniş sosial dəyişikliklərin nəticəsi kimi qiymətləndirilə bilər.
Gənclər niyə evlənməyi əvvəlki illərlə müqayisədə daha gec planlaşdırır? bunun kökündə hansı sosial məsələlər dayanır?
Mövzu ilə bağlı sosioloq Əhməd Rəhmanov XeberPlus.com-a açıqlamasında bildirib ki, ictimai mühitdə baş verən dəyişikliklər dəyərlərin formalaşmasında əhəmiyyətli rol oynayır:

“Son 40 ildə Azərbaycan cəmiyyəti çox fərqli formada dəyişib. İstər mənəvi, istərsə də maddi dəyərlərimizdə ciddi dəyişikliklər baş verib. Bu gün mənəvi dəyərlərdən daha çox maddi dəyərlərə meyl edirik. Əvvəl gənclər yaşadıqları cəmiyyəti özlərinə dayaq hesab edirdilər. İş problemi yaşamayacaqlarına, istədikləri yerdə iş tapa biləcəklərinə inanırdılar. Eyni zamanda qohumların və yaxınların köməyinə güvənirdilər. Biz Qafqaz xalqı olaraq bir qədər qapalı cəmiyyət olmuşuq. Qohumluq əlaqələrimiz savyan xalqları ilə müqayisədə daha güclü olub. İnsan əmin idi ki, özü hər hansı çətinliyə düşəndə və problemi təkbaşına həll edə bilmədikdə yaxınlarından biri ona kömək edəcək. Buna görə də gənclər daha erkən yaşlarda və daha rahat şəkildə ailə qururdular”.
Ekspertin fikirincə, müasir gənclərin ailə qurmaq qərarında iqtisadi sabitlik və gələcəyə olan güvən əsas amillərdən birinə çevrilib.
“Hazırda Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Gənc görür ki, iş imkanına və yaşadığı cəmiyyətə inamı azdır. Anlayır ki, iş yerini itirsə, heç kim ona yeni iş tapmaqda kömək etməyəcək. Sosial dəstək sistemi də kifayət qədər güclü deyil. Cəmiyyətdə qohumluq əlaqələrinə meyil güclüdür, lakin gənc qohumları tərəfindən lazımi dəstəyi ala bilməyəcəyini düşünür. Ona görə də, özünü güvənli hiss etdikdən və müəyyən sosial dayağının olduğunu gördükdən sonra ailə qurmağa qərar verir”.
Həmsöhbətimiz vurğulayıb ki, gənc ailələrin əksəriyyəti maddi və mənəvi baxımdan valideyn dəstəyinə ehtiyac duyur:
“Bu gün Azərbaycanda erkən yaşda ailə quranlar da var. Ancaq onların neçə faizinin tamamilə müstəqil yaşadığına baxmaq lazımdır. Bu göstərici çox aşağıdır, hətta bəlkə də 10 faizə çatmır. Gənc ailələrin əksəriyyəti kiməsə ümiddir. Ailə bağları güclü olduğu üçün valideynlərinə güvənirlər. Məhz valideynlərin maddi və mənəvi dəstəyi sayəsində onların ailə qurmasına şərait yaranır”.







